İspaniya La Liqasının lideri “Barselona”nın koronavirus pandemiyası ilə əlaqədar turnirlərin təxirə salınması səbəbindən itirdiyi maliyyə məbləği bəlli olub.
Offsideplus.az xəbər verir ki, klubun vitse-prezidenti Jordi Kardoner “ESPN” kanalına açıqlamasında itkilərin 120-140 milyon avro arası təşkil etdiyini deyib.
“Barselona” matçlara və klubun muzeyinə bilet satışının olmamasından təxminən 50 milyon avro, televiziya verilişlərindən 39 milyon avro, klub dükanları və futbol məktəbi daxil olmaqla potensial kommersiya gəlirlərindən 20 milyon avro itirib.
Qeyd edək ki, mart ayında dayandırılan İspaniya çempionatına 27 turdan sonra 58 xalla “Barselona” başçılıq edir. La Liqanın iyunda bərpa olunacağı gözlənilir.