İspaniyanın "Barselona" klubunun azərbaycanlı futbolçu ilə müqavilə bağlamaq istədiyi barədə məlumat vermişdik.

Offsideplus.az xəbər verir ki, Katalon klubu 10 yaşlı Turan Qasımlı ilə 6 illik saziş bağlamaq niyyətindədir. 

Futbola  "Malaqa" klubunun uşaq futbol məktəbində başlayan T. Qasımlı 2018-2019 mövsümündə La Liqa Benjamin (Junior) A komandasına yüksəlib.  Mövsümün ikinci dövrəsində 7 nömrəli formanı geyinərək komandanın aparıcı oyunçusuna çevrilib. 15 oyunda meydana start heyətdə çıxan Turan yarımmüdafiənin mərkəzində və sol cinahda oynamasına baxmayaraq, 14 qol 17 məhsuldar ötürmə ilə diqqət çəkib. 

2019-2020 mövsümünün əvvəlində xərçəng xəstəsi olan qadınlar üçün yardım məqsədilə Qranada şəhərində xeyriyyə matçı təşkil olunub. Bu oyuna dəvət edilən İspaniyanın 100 istedadlı və gələcəyi parlaq olan uşaqları siyahısında Turan da yer alıb.  Turanın komandası finalda onun vurduğu 2 qol və bir məhsuldar ötürmə ilə 3-1 hesablı qələbə qazanıb. Oyunu izləməyə gələn ispan klublarının skautları arasında "Barselona"nın məşqçiləri də olub.

Atası Cəmşid Qasımlı bu oyundan sonra oğluna "Barselona"dan 6 illik müqavilə təklif edildiyini bildirib.

Turan Qasımlının qollarından ibarət videonu təqdim edirik: