“Araz-Naxçıvan”da yeni dövr başladı. Elmar Baxşıyev sözdə Naxçıvanı təmsil edən klubu çalışdıracaq. Bəs, Azər Bağırova nə oldu? Mütəxəssis istefa verdi və rəhbərlik bunu qəbul etdi.
“Qəbələ”dən ayrılan məşqçi yeni komandasında uğurlu ola biləcəkmi? Çətin sualdır. Amma unutmayaq ki, Elmar Baxşıyev belə məqamlara alışıb. “Qəbələ”dəki futbolçularla nəsə etmək olmurdu. Onlar ya bilərəkdən, ya da oyunçu keyfiyyətləri olmadıqları üçün nəticələr əldə edə bilmirdilər. “Qəbələ”nin qoyaq qırağa. Bu dəqiqə onlar haqda danışmaq vaxt itkisidir.
Azər Bağırov niyə istefa verdi? Çünki komanda 2 aydır ki, qələbəyə həsrətdir. “Qırmızı bəyazlar” sonuncu dəfə 22-ci turda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Bundan sonra “naxçıvanlılar” 7 oyunun 6-da uduzublar. 1 qarşılaşmada heç-heçə ediblər. Avrokuboklara oynayan klub üçün belə nəticələr qəbul edilməz idi. Bu səbəbdən də Azər Bağırov istefa verdi. Amma...
Bir məqam var. Ümumiyyətlə, “Araz-Naxçıvan” niyə avrokuboklar uğrunda mübarizə aparmalıdır? Fikir verdinizsə, yazıda naxçıvanlılar ləqəbini dırnaq içərisində yazdım. Klub Naxçıvanı təmsil etsə də, gözəl diyarımıza heç bir adiyyatı yoxdur. Mövsümün əvvəlində deyilmişdi ki, kollektiv Muxtar Respublikanın mərkəzinə qışda köçəcək. Sonradan plan dəyişdi. Dedilər ki, problem mövsümün bitməyinə 1 dövrə qalmış məsələ öz həllini tapacaq. İndi isə ümumiyyətlə, Naxçıvana gedilməyəcəyi söylənilir. Bu səbəbdən də mən “Araz”ı Naxçıvana heç cür aid etmirəm. Bu klub “Keşlə”dir. Sadəcə, adı dəyişilib. Oyunlarını Bakıda keçirirlər. Gələn mövsüm “ASK Arena”da oynasalar, heç təəccüblənməyin. Rənglərini də “Keşlə”yə uyğunlaşdırıblar. Sponsor da “Səmayə” şirkətidir. Klub rəhbəri də kompaniyanın prezidenti Zaur Axundovun qardaşıdır. Adamın dili necə gəlir ki, bu kluba “Araz-Naxçıvan” desin? “Keşlə”dir də bu komanda. Hansı ki, 2-3 ayın ərzində adı “Şamaxı” olan. Sonradan Premyer Liqanı tərk edən...
Hər nəysə! Rebrendiq edilərək “Araz-Naxçıvan” olan “Keşlə”nin rəhbərliyi ordan-burdan futbolçular topladılar, təlim-məşq toplanışı keçmədilər. Çempionatda 2-3 tur qələbə qazanandan sonra rəhbərliyin iştahı artdı. Avrokuboklar sevdası başladı. Azər Bağırov isə hər vəclə komandanın bu gücdə olmadığını söyləməyə çalışırdı. Amma rəhbərliyin istəyi bu, idi. Klubun sahibləri başa düşmürlər ki, 2-3 il öncə Region Liqasında oynayan Orxan Əliyev, Vadim Abdullayevlə, “Səbail”dən qovulan Turan Manafovla çox irəli getmək olmaz. Sizcə, “Sabah”a lazım olmayan İldar Alekperovla, Latviyada gününü sovuşduran Ramin Nəsirliylə, Şahin Diniyev bəyənməyərək əvəzedici komandaya göndərdiyi Tural Bayramlıyla, yoxsa Azərbaycana qaça-qaça gələn, heç kimə lazım olmayan Elviş Maşike, Vanderson Melo, Aksel Nqando, Numan Kurdiç və s. oyunçularla avrokuboklara vəsiqə qazanmaq olar? Yəni, həqiqətən “Araz-Naxçıvan” rəhbərliyi bu düşüncədə idi? Naxçıvandakı stadionu bərpa etdirmək, Muxtar Respublika sakinlərinə Premyer Liqa həyacanını yaşatmaq yerinə “Keşlə” olmağı seçdilər...
İLKİN SULTANLI