“Bazel” klubunun baş məşqçisi Patrik Rahmen UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, o, sabahkı matçla bağlı bunları deyib:

“Hələ ilk oyundan sonra göründü ki, rəqib bizimlə eyni səviyyədədir. Digər qrup matçlarında olduğu kimi bu dəfə də qələbəyə köklənməliyik. Qrup birinciliyi uğrunda final qarşılaşmasına çıxacağıq. Heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək. “Qarabağ” taktiki cəhətdən yaxşı komandadır. Rəqib sürətli oynamağı sevən, meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir”.

Xatırladaq ki, sabah keçiriləcək “Bazel” - “Qarabağ” matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.