"Ümumiyyətlə, bütün oyunlara nəzər salanda görürük ki, Şahruddin həmişə irəlidə çıxış etməyə çalışır. "Qarabağ" hücumda olanda, müdafiəçilər də irəli şığıyırlar. Mənim fikrimcə, "Şah"a belə bir tapşırıq verilmişdi ki, müdafiənin arxasına göndərilən topları qabağa çıxıb uzaqlaşdırsın".
Bu sözləri Offsideplus.az-a açıqlamasında "Qarabağ"ın və millimizin sabiq qapıçısı, hazırda "Səbail"də köməkçi məşqçi kimi çalışan Fərhad Vəliyev Ağdam təmsilçisinin çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevin dünən Bakıda "Omoniya"(Kipr) ilə Konfrans Liqası matçında (2:2) səhvə yol verdiyi epizodla bağlı danışarkən deyib.
41 yaşlı Vəliyev xələfinin hər zaman irəlidə dayanmağına adətkərdə olduğunu bildirərək, rəqib futbolçunun da bu vəziyyətdən ustalıqla yararlandığını dilə gətirib: "Düşünürəm ki, dünənki qolda rəqib komandanın oyunçusu qapıçının irəli çıxdığını görüb fürsətdən yararlandı. Düzdür, Şahruddin də həmin epizodda arxaya qaçanda ayağı sürüşdü və top tora daxil oldu. Zənnimcə, bu, Qomesin ustalıq səviyyəsi idi. Belə anlarda gərək vaxtı və hesabı nəzərə alıb qapını daha dəqiq qoruyasan. Ancaq yenə də deyim ki, bütün oyunlara nəzər salanda, Şahruddinin həmişə irəlidə dayandığının şahidi oluruq.
90-cı dəqiqə və 2:1 hesabıyla irəlidəsən. Yaxşı olardı ki, qapını daha qarantiyə alasan. Yəqin ki, Şahruddin həmin epizoda özü də dəfələrlə baxıb və bu səhvini başa düşüb, növbəti oyunlarda təkrarlamamağa çalışacaq".
Xatırladaq ki, matçın 90-cı dəqiqəsində "Omoniya"nın futbolçusu Jordi Qomesin mərkəz xəttindən vurduğu top "köhlən atlar"ın qolkiperi Şahruddin Məhəmmədəliyevin qapı xəttindən irəlidə olması və büdrəməsi nəticəsində tora daxil olub.
Daşqın Əziz