“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Bazel” ilə keçirilən matçdan (0:0) sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli çalışdırıcı ilk olaraq oyun barədə danışıb:
“Azarkeşlərimizə təşəkkür edirəm. Çox möhtəşəm ab-hava var idi. Çatışmayan sadəcə 1 qol oldu. Dünən də demişdim ki, çox dinamik və sürətli rəqibə qarşı oynayacağıq. Müdafiəni rəqib zonadan qurmaq istəyirdik. İlk 10 dəqiqədə düşündüyümüz kimi alınmadı, buna görə taktiki cəhətdən dəyişiklik etdik. Bu, tam başqa turnirdir, mübarizədir. Qarşıda daha da yaxşı olacağıq. Əgər bu turnirdə uğur qazanmaq istəyiriksə, buna məcburuq. Çox istəkli idik. Qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edə biləcək potensialımız var".
- Son dəqiqələrdə yorğunluq var idi. Sadəcə iki əvəzetmədən istifadə etməyiniz nə ilə bağlı idi?
- Komandamda yorğunluq hiss etmədim. Buna görə dəyişiklik etmədim. Son dəqiqələrdə daha çox topa sahib olduq, qol imkanlarımız var idi. Düşünürəm ki, futbolçularım sona qədər tempi qoruya bildi. Oyun məni qane etdi. Futbolçularım çox yaxşı anlaşırdılar. 90 dəqiqə yaxşı mübarizə apara bildilər. Onların fiziki durumlarından razı qaldım.
- Qol üçün nə çatmadı?
- Belə oyunlarda çox istəkli oluruq. Rəqib də qol buraxmamaq üçün çalışırdı. Bəzən qapıçının yaxşı oyunu, bəzən başqa səbəblər. Çox vacib idi ki, cərimə meydançasında çoxalaq, topu qapıya çatdıraq. Qarşıdakı oyunlarda bunun əvəzi çıxılacaq.
- Hücumçu transferi olacaqmı?
- Ən çox rastlaşdığım sual budur. Rəqiblər ən çox hücumçulara qarşı diqqətli olurlar. Bu rəqib bizim “Neftçi” ilə oyunumuzu izləyib və ciddi təhlil ediblər. Mən heç vaxt hücumçudan tək qol vurmalısan deyə bir şey istəməmişəm. Hərənin bir funksiyası var. Müdafiə olunan komanda rəqib hücumçuya boşluq vermir. Hazırda transfer haqda düşünmürəm. Azı dekabra qədər gözləyəcəyik. Dəfələrdə də demişəm ki, hər mövqeyə 2 futbolçu istəyirəm. Bu gün hal-hazırda komandamdan razıyam.
- “Qarabağ”ın qrupdan çıxmaq şansını necə dəyərləndirirsiz?
- Maksimum nəticə əldə etmək istəyirik. Var gücümzlə hazırlaşırıq. Bizim kimi ölkələrdə son illərdə futbol futbol dəyişib. Güclü ilə zəifin fərqi yoxdur. Bizə qarşı çox ciddi hazırlaşırlar. Biz də çox ciddi yanaşırıq. Komandaların arasında böyük fərq yoxdur. Bu gün mən, futbolçular , hamı bu şansdan maksimum istifadə etməyə çalışacağıq. Digər komandaları da analiz edəcəyik. Çalışacağıq ki, bu turinirdə ən yaxşı nəticəni qazanaq.
- Xayme zədələndi. Lakin vinger Qasparın əvəzinə Marko Vesoviç daxil oldu. Bunun səbəbi nədir?
- Xayme Romero ilk hissədə zədələndi. Marko çox təcrübəli futbolçudur və belə qarşılaşmalarda bu amil çox vacibdir. Qaspar uzun müddətdir ki, optimal formasından uzaqdır. İndi-indi bərpa etməyə başlayıb formasını. Əvvəlki oyunlarda onu bu mövqedə yoxlamışıq, milli komandada da oynayıb həm sol, həm də sağ vinger kimi. Universal və bacarlı olduğu üçün fasilədə onu buraxdım pis də alınmadı.
- Bu heyətin çempionlar Liqasında çıxış edən heyətdən sonra “ən yaxşı heyət” olduğunu deyə bilərsiniz?
- Hər dövrün öz komandası olur. Mən həmişə futbolçularımdan razılığımı bildirmişəm. Ola bilər ki, ustalıq səviyyəsi daha aşağı olan oyunçulardı hazırda, lakin daha istəkli və dinamikdirlər. Son illərdə kollektivi qoruyub saxlamaq üçün dəyişiklik etmişik. Nəticəni saxlamaq üçün. İstəməzdim ki, hansısa mövsümün oyunçuları ilə müqayisə edim.
- Ramil Şeydayevin epizodu zamanı nə hisslər keçirdiniz?
- Siz nə hiss keçirdinizsə, mən də elə. Ona görə heyfsləndim. Çox işgüzar oyunçudur, inamını artırmaq üçün qol vurmasını istəyirdim. Öz üzərində daha çox çalışmaq, belə oyunlara daha yaxşı hazırlaşmaq üçün çox vacib idi. Əgər o epizod qol olsaydı, Ramil üçün komandamdan daha çox sevinərdim. Düşünürəm ki, Ramil ən çox əziyyət çəkən, çalışan futbolçudur.