UEFA Avropa Konfrans Lİqasının pley-off mərhələsi çərçivəsində sabah keçiriləcək "Qarabağ" - "Aberdin" matçından öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandırıb:
Offsideplus.az xəbər verir ki, təmsilçimizin çalışdırıcısı qarşılaşma haqqında bunları deyib:
"Sabah çox vacib oyuna çıxırıq. Rəqibin açıqlamalarından görünür ki, qələbəyə inanırlar və ümidlidirlər. Biz də çox istəkliyik. Baxmayaraq ki, ilk oyun evdədir, hər şey cavab matçında bəlli olacaq. Rəqibə öz oyunlarını göstərməyə imkan vermək olmaz. Həm fiziki, həm standart vəziyyətlərdə çox təhlükəlidirlər. Futbolçularla rəqibi təhlil etmişik. Futbolçularımda istək çoxdur və hər şeyə hazırıq. Meydanın vəziyyətini nəzərə alaraq, sabah mübarizə baxımlı oyundan daha çox ola bilər. “Aberdin”ə qarşı səbrli olmalıyıq və boşluqlar verdiyi zaman bundan istifadə etməyə çalışmalıyıq.
- Rəqibin təhlükəli cəhətlərini deyə bilərsiz?
- Fiziki olaraq güclüdürlər, standartlarda təhlükəlidirlər, təcrübəli futbolçuları var, topla oynamağı sevirlər və çox rahat qol vurmaq bacarıqları var. Qol epizodlarını heç nədən yarada bilirlər. Sabah çox diqqətli olmalıyıq. İnanıram ki, bunun öhtəsindən gələcəyik.
- Stadionun ot örtüyü hansı vəziyyətdədir?
- AEL ilə oyundakından yaxşı olmayacaq. Son oyundan cəmi 1 həftə keçib. Hər bir halda demişəm ki, daha yaxşı meydanda oynamaq istəyərdik, amma bəzi nüanslar buna mane olur. Sabah topla oynamaqda problemlər yaranacaq. Amma bunu bəhanə etmək düzgün olmaz.
- "Aberdin"in baş məşqçisi mart ayında ABŞ-dan gəlib və komandanı çox az müddətdir çalışdırır. Bu, sizin üçün üstünlük ola bilər?
- Bütün dünyada, o cümlədən, ABŞ-da da futbol inkişaf edir. Avropada işsiz qalanlar ABŞ-a gedir, amma onların baş məşqçisi çox gənc və isəklidir. Hər rəqibə qarşı fərqli stildə oynayırlar. Oyun ərzində rotasiya edirlər. Biz bunu təhlil etmişik, amma sabah futbolçularımın işi çox çətin olacaq.
- Sizcə sabah “Aberdin” hansı taktiki sxemlə oynayacaq?
- Onu mən deyə bilərəm. Hansı sistemlə oynasa da, 11 nəfərlə meydana çıxacaqlar. Biz hücum edən tərəf olmağa çalışacağıq.
- “Aşdod”, AEL və “Aberdin”... Hansı daha güclüdür?
- Bunu demək düzgün olmaz, amma hər bir komanda ilə çətinliklər yaşadıq. Hər biri komanda çox ciddi rəqib idi. Hər birinin öz oyun fəlsəfəsi var. “Aşdod” və AEL-ə qarşı düzgün hazırlaşmışdıq. “Aberdin”ə qarşı da düzgün hazırlaşmağa çalışacağıq.
- Keçirdiyiniz oyunlarda 1-dən artıq qol vurmamağınız sizi narahat edirmi?
- Əlbəttə, daha çox qol vurmaq istəyərdik. Qələbə qazansaq da, azarleşlər bizdən daha çox qol istəyir. Amma hiss edirəm ki, rəqiblər bizi daha ciddiyə alırlar. Bu, bizi sevindirir, amma işimizi çətinləşdirir. Mən də daha çox qol vurmağımızı istəyirəm, amma çıxdığımız oyunlarda rəqiblər artıq hər bir futbolçumuza qarşı individual mübarizə aparır. Həm müdafiədə, həm də hücumda diqqətli olmalıyıq.
- Sabah azarkeşlərə qələbə sözü verə bilərsinizmi?
- Heç vaxt qələbə söz vermirəm, amma bacardığımızın ən yaxşısını edəcəyik. Futbolçularıma inanıram, güvənirəm, sabah azarkeşlər oyunumuzdan razı qalacaqlar.
- Almeydanı sabah meydanda görə bilərikmi?
- Hər bir futoblçunu meydanda görmək ehtimalınız var. Komanda canlanıb, ötən matçlardan da daha yaxşı oynayacaqlar. “Aşdod”la oyundan öncə demişdim ki, Zubiri növbəti matçlarda daha yaxşı görəcəksiniz. Elə də oldu. Vaxt keçdikçə, daha yaxşı olacağıq.
- Hücumçu axtarışlarınız hansı mərhələdədir?
- Ən pik mərhələdədir (gülür). Danışıqlar gedir.
- Konkret cavab gözlədiyiniz oyunçu var?
- Var. Tək hücumçu yox, bir neçə futbolçuya təklif göndərmişik. Bəzən gözləmədiyimiz məqamlar ortaya çıxır. Bu danışıqlıqlar müsbət də nəticələnə bilər, mənfi də.
- “Şerif”ə səviyyəli legionerlər gəlir, amma biz elələrini dəvət edə bilmirik. Bunun səbəbi nədir?
- “Şerif” neçə illərdir ki, hər mpvsüm 15-20 legioner cəlb edir. Hamısının bacarıqlı olub-olmamasını deyə bilmərəm. Nəticələrinə görə deyirsinizsə, uzun illər pley-offa düşə bilmirdilər, amma bu il uğurlu oldular. Hər bir komandanın belə dövrü olur. Bizim oyunçu cəlb etməkdə həmişə problem olub. Azərbaycana gəlmək istəyən legionerlərin sayı azdır. Əvvəl çox təklif edirdilər, indi onların sayı da azalır. Bəzən bizdən asılı olmayan məslələr var, amma inanın ki, yaxşı komanda qurmağa çalışırıq.