UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin II turunda "Slovan"la qarşılaşmada (2:0) Ermənistan "Pünik"inin futbolçusu Yusuf Otubanco fərqlənəndən sonra qol sevincini siyasi mesajla qeyd edib.
Offsideplus.az xəbər verir ki, o, formasını qaldıraraq "Ermənistana dəstək olun! Sülh!" yazılı köynək nümayiş etdirib.
Bəs UEFA bu futbolçuya qarşı bir tədbir görməlidirmi? Ümumiyyətlə, belə siyasi mesajlara görə futbolçulara hansı cəzalar verilə bilər?
Suallarımızı Azərbaycanın tanınmış idman hüquqşünaslarından olan Fərid Haqverdiyev cavablandırdı. O, bunun futbol qaydalarına zidd olduğunu bildirdi: "Bu, oyun qaydalarında da var ki, futbolçu geyim formasının altında hər hansı dini, siyasi, şəxsi sloqan, ifadə və bəyanatlara yer verə bilməz. UEFA da bunu qadağan edib. Qurumun həm nizamnaməsi, həm də intizam qaydalarında qeyd olunur ki, bütün futbolçular bu ümumi qaydalara riayət etməlidirlər. Yəni, heç bir oyunçu matç vaxtı siyasi, ideoloji propoqanda apara bilməz. Cəzaya gəldikdə, bu, UEFA-nın tipik-standart intizam cəzaları - bir neçə oyundan məhrumedilmə və müəyyən pul cərimələri ola bilər".
Daşqın Əziz