“İlk qarşılaşmada məğlub olsaq da, sabahkı matça hazırıq. Düşünürəm ki, komanda əlindən gələndən artığını edəcək. Öz azarkeşlərimiz qarşısında oynayırıq və onları sevindirməyə çalışacağıq. Ümumi götürsək, komandanın səfərdəki ilk matçda nümayiş etdirdiyi oyundan məmnun qaldım. Görüşün müəyyən vaxtlarında futbolçular istədiyimizi maksimum verməyə çalışırdılar. Futbolçumuzun zədələnməsi də komandaya təsir etdi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Fehervar"la (Macarıstan) cavab oyunu öncəsi mətbuat konfransında deyib.
"İlkin Qırtımov əsas futbolçularımızdan biridir. Onun meydandan çıxması oyun planında balansı pozdu. Rəqibi də fərqləndərərdim. “Fehervar” çox keyfiyyətli, yaxşı futbolçulardan ibarət kollektivdir. Amma yenə vurğulayıram ki, “Qəbələ” də rəqibimiz qədər keyfiyyətlərə malikdir. Düşünürəm ki, sabah hər iki tərəfi maraqlı matç gözləyir. Turnirə başlamamışdan əvvəl də heyətimiz çox geniş deyildi. Zədələnən futbolçu ilə bağlı durum hələ sual olaraq qalır. Qarşıda son məşqimiz var. Ümid edirik ki, bu məşqdən sonra müsbət qərar veriləcək” - deyə o bildirib.
Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Fehervar" görüşü saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Macarıstan klubu 4:1 hesabı ilə qalib gəlib.(qol.az)