"Rəqib çox istəklidir. Sabah azarkeşlər hər iki komandanın oyunundan zövq alacaq".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində sabah səfərdə Şotlandiya "Aberdin"i ilə keçiriləcək matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Oyun barədə danışan Qurbanov fikirlərinə belə davam edib:

"Çox ağır oyun olacaq. Bu mərhələyə qədər ağır yol qət etmişik. Komandamın bu oyuna da tam hazır olduğunu düşünürəm".

49 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırarkən rəqib komandanın şəninə tərif yağdırıb:

"Rəqib komandada hər oyunçunun potensialını daha yaxından öyrəndik və onları daha yaxşı tanıdıq. Çox istəkli komandaya və futbolçulara qarşı oynayacağıq. Hər zaman belə komandalara qarşı oynamağın faydasının olduğunu düşünmüşəm. Rəqibin fiziki cəhətdən yaxşı futbolçuları, özünəməxsus oyun üslubları var. Sabah "Aberdin"ə qarşı layiqli mübarizə aparmalıyıq. Bunun üçün hazırlaşmışıq".

Heyətdəki zədəlilərlə bağlı danışan çalışdırıcı bunları deyib:

"Bu barədə məlumat verilib. Patrik Andrade cəza səbəbindən oyunu buraxacaq. Zədəli oyunçularla bağlı həkimlər tərəfindən məlumat veriləcək. Ola bilər ki, bəziləri meydana çıxsın. Patrik Andradenin oynamayacağı isə dəqiqdir".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.