"Füzuli"nin bəzi futbolçuları tərəfindən iddia olunur ki, AFFA büdcə ayırdığı, sponsor kömək etdiyi halda, rəhbərlik onlara ötən mövsümün maaşını verməyib. Hazırda klub borclarını ödəməkdən boyun qaçırır.
Offsideplus.az olaraq məsələ ilə bağlı "Füzuli"nin icraçı direktoru Vasif İsmayılov ilə əlaqə saxladıq. Klub rəsmisi məsələyə aydınlıq gətirdi:
"Futbolçularımızın hamısı bilir ki, sabiq rəhbər Rauf Quliyev onların əməkhaqqlarını birbaşa kartlarına şəxsən köçürürdü. Pul işi həmişə prezidentin özündə olub. Ötən mövsüm ikinci dövrədə Rauf bəyin işlərində problem olduğu üçün klubdan ayrılmalı oldu. Komandanı öz yaxınlarımızın, ətrafımızın hesabına oyunlara çıxarmışıq. Apreldə hər oyundan sonra bütün futbolçuların pulları verilib. Rauf bəy klubdan ayrılarkən yanvarın 15 günün maaşını ödədi. Çempionatın axırına yaxın yeni rəhbərlik gəldi. Yanvarın digər hissəsini və fevraldan qalan borclar ödəndi. Yeni rəhbərlik gəldikdən sonra futbolçulara 18000 manat ödənib. Oyunçulara yalnız martın maaşını borcluyuq. Futbolçularımızdan pullarını halal edənlər də oldu, istəyənlər də. Klub daxilində problemlər olub. Həmişə futbolçularla münasibətdə açıq olmuşuq. Hazırda sponsorumuz yoxdur. Klubun gələcəyi üçün danışıqlar apardığımız iş adamları, bəzi şəxslər var. Onlarla müzakirə zamanı ilk şərtimiz futbolçularımızın pul məsələsi olur. Rəhbərliyimiz tərəfindən də işlərimiz qaydasına salındıqdan sonra həmin ayın pulu oyunçularımızın hər birinə ödəniləcək".