"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevə aid olduğu zənn edilən instaqram profili bağlanıb.
Offsideplus.az xəbər verir ki, Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Qəbələ" - "Sumqayıt" matçından (2:1) sonra mütəxəssisin şəxsi hesabı kimi bilinən profildən "Biabırçı hakim səhvləri davam edir" başlıqlı paylaşım edilmişdi.
Həmin paylaşım qısa zamanda yerli mətbuatda tirajlanmış və baş məşqçinin bu məsələ barədə fikrini sosial şəbəkə hesabında ifadə etməsi futbolsevərlər tərəfindən maraqla qarşılanmışdı. Bundan sonra "Qəbələ" klubu açıqlama verərək, həmin hesabın Elmar Baxşıyevə aid olmadığını, başqa biri tərəfindən idarə edildiyini bildirmişdi.
Artıq bir neçə gündür ki, həmin profil deaktiv edilib. Bununla da yəqin olur ki, sözügedən hesab 42 yaşlı çalışdırıcının deyilmiş.
Daşqın Əziz