Dünən "İdman və ədalətli oyunlar” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Offsideplus.az MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsm müsabiqəsi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının və “Olimpiya dünyası” qəzetinin birgə təşkilatçılığı ilə keçiriib. Tədbirdə MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK baş katibinin müavini Azər Əliyev, Xalq rəssamı Ağaəli İbrahimov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

WhatsApp Image 2021 07 01 at 12.06.11 1

3-8 və 9-16 yaş qrupları üzrə keçirilən müsabiqəyə paytaxt və Naxçıvan ilə yanaşı, 42 bölgədən ümumilikdə 2114 rəsm əsəri daxil olub. Onlardan 1560-ı 9-16, 554-ü isə 3-8 yaş qrupları üzrə qəbul edilib.

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq gənc rəssamları tədbirdə görməkdən məmnunluq hissi keçirdiyini bildirib: “Gənc uşaqların rəsm müsabiqəsində iştirakı onların həyatında maraqlı hadisə kimi qalacaq. Bu müsabiqə ilk dəfə deyil ki, tərəfimizdən keçirilir. Müxtəlif illərdə biz Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə rəsm müsabiqələri təşkil edərək, istedadlı insanların əsərlərini qiymətləndirmişik. Peşəkar rəssamlar arasında keçirilən müsabiqədə qalib olan rəsmlər Beynəlxalq Olimpiya Komitəsinin muzeyinə göndərilib. Bu gün də növbəti belə tədbir üçün buraya toplaşmışıq. Fürsətdən istifadə edib, bu müsabiqədə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm”.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev isə müsabiqəyə təqdim olunan əsərlərin biri-birindən maraqlı olduğunu vurğulayıb: “Bütün iştirakçılar çox böyük məsuliyyət və sevgi ilə müsabiqədə iştirak etdilər. Müsabiqəyə təqdim olunan əsərlərin sayı bizi təəccübləndirdi. Iki mindən çox əsərin müsabiqəyə təqdim olunması onu deməyə əsas verir ki, Azərbaycanda rəssamlıq sənətinə böyük maraq var. Bununla yanaşı, sevinirik ki, uşaq və yeniyetmələr arasında idmana da böyük maraq var. Onlar öz rəsm əsərlərində bunu bir daha sübut etdilər. Müsabiqə iştirakçıları öz rəsm əsərlərində ədalət prinsiplərinə fərqli yanaşmalarla toxunublar. Onlar öz ideyalarını fərqli şəkildə kağız üzərində təsvir ediblər. Biz çalışmışıq ki, hər bir incə detalı nərədən keçirərək əsərləri qiymətləndirək. Düşünürəm ki, hər bir iştirakçı nəticələrdən razı qalacaq. Müsabiqədə qaliblər üçün cəmi üç yer nəzərdə tutulub. Əlbəttə biz bütün iştirakçıları qalib elan edə bilmərik. Ona görə də seçim etmək bizim üçün çox çətin idi”.

Daha sonra hər iki yaş qrupu üzrə qaliblərə pul mükafatları və diplomlar, 4-10-cu yerlərin sahiblərinə isə həvəsləndirici mükafatlar və diplomlar təqdim olunub. Mövzuya uyğun çəkilmiş bütün rəsm əsərlərinin sahiblərinə MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən sertifikat veriləcək.

9-16 yaş üzrə Aslanlı Elmir birinci,  Aydəmirova Aytac ikinci, Abadzadə Ülkər isə üçüncü olub.  3-8 yaş üzrə isə Cəbiyeva Mədinə 1-ci yeri tutub. Qənbərli Zümrüd ikinci, İrem Göktaş isə üçüncü yerdə qərarlaşıb. Digər mükafatçıları təqdim edirik:

9-16 yaş qrupu üzrə mükafatçılar:

Həvəsləndirici mükafatlar: Həşimli Gülay Hacıyeva Dilbər Əliyeva Ayan Məhərrəmli Günəş Həsənli Səbirə Abdullayeva Mədinə İsmayılov Hüsna
3-8 yaş qrupu üzrə
Həvəsləndirici mükafatlar: Suxandani Əli Həsənli Rəna İbrahimli Zeynəb Mikayılzadə Mələk Mirsəməd Nağıyev İnci Qurban
Vüqar Əhmədov

Xüsusi həvəsləndirici mükafatlar (Fiziki məhdudiyyətli uşaqlar arasında): Mikayılbəyli Əlihüseyn Səlimli Xədicə Səlim Abdullayev

1

 

2

 

3