AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa Superliqası və AVRO-2020 oyunları barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, "insideworldfootball.com" saytına danışan Məmmədov Avropa Superliqası layihəsini tənqid edib:
"Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır. Bazar ertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik.
Avro-2020-nin Bakıda keçiriləcək oyunları isə tək bizim üçün deyil, bütün region üçün futbol bayramı olacaq. Düzdür, pandemiya planları bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı atmosfer qonşularımıza da müsbət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj geri normal həyata qayıtmağımızdır. Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik".