UEFA avrokuboklarla bağlı qərar qəbul edib.

Offsideplus.az "Sky Sport Italia"ya istinadən xəbər verir ki, Çempionlar Liqası "səkkizlər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək.

1/4 final matçları 12-15 avqusta, yarımfinal oyunları 18-19 avqusta, final görüşü isə 23 avqusta təyin olunub.

"Səkkizlər finalı"nın püşkatmasının iyulun ortalarında İsveçrənin Nyon şəhərində keçiriləcəyi gözlənilir.

ÇL-in qalan 1/8 final qarşılaşmaları 7-8 avqust tarixlərində oynanılacaq. "Yuventus" - "Lion", "Barselona" - "Napoli" oyunlarının müvafiq olaraq Turin və Barselona şəhərlərində keçiriləcəyi bildirilir. "Mançester Siti" - "Real" və "Bavariya" - "Çelsi" görüşləri ilə bağlı isə qərar verilməyib.

Avropa Superkubokunun qalibi sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə müəyyənləşəcək.

Qeyd edək ki, qərarlar UEFA İcraiyyə Komitəsinin sabah keçiriləcək iclasında rəsmən açıqlanacaq. Final İstanbulda keçirilməli idi.