Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XIII turuna təsadüf edib.

Ağdam təmsilçisinin "Karvan-Yevlax"ı məğlub etdiyi oyun (2:0) təcrübəli mütəxəssis üçün əlamətdar olub.

Q. Qurbanov 2008-ci ilin yayından Ağdam klubunu çalışdırır. Onun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran "köhlən atlar" 631 top buraxıb.

Təcrübəli mütəxəssisin “Qarabağ”a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matça çıxıb.

Qeyd edək ki, Qurban Qurbanov “Qarabağ”da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın “Bakılı” ilə görüşündə onun yetirmələri 2:1 hesablı qələbə qazanıb.