Albaniyada keçirilən qeyri-olimpiya çəkiləri üzrə Dünya Çempionatı bu gün başa çatacaq.

Offsideplus.az xəbər verir ki, yarışın son günü 3 güləşçimiz qızıl medal qazanıb.

55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli finalda iranlı Poya Marza ilə üz-üzə gəlib. Təmsilçimiz xalların keyfiyyətinə görə (1:1) qələbə qazanaraq 4-cü dəfə dünya çempionu olmağı bacarıb.

63 kq çəkidə güləşən Nihat Məmmədli də finalda qazaxıstanlı rəqibi Yerjet Jarlikassinə "6:1" hesabı ilə qalib gələrək qızıl medala sahibi olub.

72 kq çəkidə çıxış edən Ülvi Qənizadə də ölkəmizin aktivinə növbəti birinciliyi yazdırdı. O, finalda fransalı rəqibi İbrahim Qanem üzərində "3:2" hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

82 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov bürünc uğrunda təsəlliverici görüşlərə qatılıb. Güləşçimiz Türkiyə təmsilçisi Ahmet Yılmaza "8:1" hesabı ilə məğlub olub.