Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatında 59 kq çəki dərəcəsində mübarizə aparan Ruzanna Məmmədova bütün rəqiblərini üstələyərək çempion olub.

Yığmanın üzvü qələbə təəssüratlarını Offsideplus.az-la bölüşdü:

"Yarış olduqca ağır keçdi. Amma hər bir çətinliyin sonunda qələbə dayanır. Xoşbəxtəm, çempion olmuşam. Məndən başqa iki komanda yoldaşımın bürünc medal qazanmaq şansları var idi. Lakin alınmadı. Düzdür, yığmamızdan daha yaxşı nəticə gözləyirdik. Ani səhvlər sonda onların medalsız qalması ilə nəticələndi".

Məmmədova indidən 2028-ci il Olimpiya Oyunlarına hazırlaşdığını dedi:

"İnanıram ki, qadın güləşçilərimiz lisenziya qazanmağı bacaracaqlar. Hər bir idmançının arzusu olimpiadada iştirak etməkdir. Lakin mənim məqsədim həm iştirak, həm də çempionluqdur. Bununla yetinmək fikrində deyiləm. Hər yaş qrupu üzrə Avropa və dünya çempionu olmağı hədəfləyirəm. Yeniyetmələr arasında buna nail olmuşam. Qalıb gənclər və böyüklər. Hər çempionluğun "dadına baxmaq" istəyirəm. Güləşdən nəyəsə "ac getmək" fikrində deyiləm. Əlimdən gələn hər şeyi edəcəm ki, istəyimə nail olum".