Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.
Offsideplus.az-ın məlumatına görə 73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı 1/8 final mərhələsində tacikistanlı Behruzi Xojazoda qalib gəlib. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Heydərov əlavə vaxtda fənd işlədərək qalib gəlib. Görüş ümumilikdə 4 dəqiqə 21 saniyə davam edib. Heydərovun 1/4 final mərhələsindəki rəqibi monqolustanlı Odbayar Qanbaatar olacaq. Bu iki cüdoçu ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında bürünc medal uğrunda görüşdə də qarşılaşıb. Həmin vaxt Qanbaatar qalib gələrək, 3-cü yeri tutub. Heydərov isə 5-ci yerlə kifayətlənib.
73 kq çəkidəki azərbaycanlı digər cüdoçu Rüstəm Orucov isə mübarizəni dayandırıb. Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.
***
Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.
Offsideplus.az xəbər verir ki, kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı Heydərov isə iraqlı Sajjad Sehenlə üz-üzə gələcək.
Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Amelie Stoll düşüb.
İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.
Dünya çempionatı
57 kq
1/32 final. İçinxorlu Munxtsedev - Amelie Stoll (Almaniya)
73 kq
1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov - Sajjad Sehen (İraq)
Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.