İyulun 25-dən 31-dək İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı keçiriləcək.


Offsideplus.az xəbər verir ki, mundialın ilk 3 günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ardıcıl 2-ci dəfə Avropa çempionu olan millimiz bu yarışda da tam heyətlə iştirak edəcək. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında DÇ-də ölkəmizi Hüseyn Savadov (45 kq), Səid Xəlilov (48 kq), Vədat Qasımlı (51 kq), Fəraim Mustafayev (55 kq),  Məhəmməd Qasımzadə (60 kq), Əli Əlizadə (65 kq), Davud Məmmədov (71 kq),  İsmayıl Rzayev (80 kq), Mikayıl İsmayılov (92 kq), Məzaim Mərdanov (110 kq) təmsil edəcək. 

Səfər ərəfəsində Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov komanda üzvləriylə görüşərək onlara məsul yarışda uğurlar arzulayıb. 

Qeyd edək ki, iyulun 24-də güləşin bu növü üzrə püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək. Növbəti gün 48, 55, 65, 80 və 110 kq-da, ayın 26-da isə digər 5 çəkidə yer alan idmançılar mübarizəyə başlayacaq. Mundialda I-S kateqoriyalı hakim Sədi Quliyev ədaləti qoruyacaq.