Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə "Böyük Dəbilqə"yə start veriləcək.
Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 7 idmançısı mübarizə aparacaq.
60 kq çəki dərəcəsindəki Kəramət Hüseynov 1/16 finalda Eşli Makkenzi (Böyük Britaniya) ilə, eyni çəkidəki Davud Məmmədsoy Morits Plafki (Almaniya) ilə üz-üzə gələcək.
66 kq-da son Avropa çempionatının qalibi Orxan Səfərov İsraili təmsil edən Amit Boboviçin müqavimətini qırmağa çalışacaq. Bu çəkidəki Nicat Şıxəlizadə isə Petr Jukovla (Rumıniya) qarşılaşacaq.
Qadınların yarışında Azərbaycanı üç cüdoçu təmsil edir.
48 kq-da yer alanlardan Leyla Əliyeva 1/16 finalda israilli Şira Rişoni, Aişə Qurbanlı isə onun həmyerlisi Tamar Malka ilə münasibətlərinə aydınlıq gətirəcək.
57 kq çəki dərəcəsindəki Gültac Məmmədəliyeva 1/16 finalda Eleudis Valentim (Braziliya) ilə görüşəcək.
Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 20-də yekun vurulacaq. Azərbaycan millisi yarışda ümumilikdə 15 cüdoçu ilə təmsil olunur.