Vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.

44 günlük Vətən Müharibəsində iştirak edən yüzdən çox cüdoçumuzdan 18-i şəhidlik zirvəsinə yüksəlib. Könüllü olaraq ordu sıralarına qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlərimiz torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.
Cəsarətli oğullarımızdan biri qısa zaman kəsiyində xalqımızın dillər əzbərinə çevrilmiş Cəbrayıl Dövlətzadədir. Bu gün 19 yaşlı qəhrəmanın adını Azərbaycanda eşitməyən, tanımayan yoxdur. Sumqayıtda cüdo məktəbinin yetirməsi olan Cəbrayıl o igidlərimizdəndir ki, onun haqqında hər kəs bilməli, danışmalı, anmalı və fəxr etməlidir! O, düşmənin bir generalını və polkovnikini təkbaşına məhv etməklə Azərbaycanın mərd oğlu, general Polad Həşimovun və onun silahdaşlarının qisasını alıb.
Döyüş yoldaşları bildirilər ki, Cəbrayıl düşmənlə üz-üzə gələrkən onlardan övladlarının başsız qalmaması naminə geri qayıtmağı tələb edib. Qəhrəman əsgərimiz digər hərbçi yoldaşlarını qorumaq üçün subay olduğunu əsas gətirərək önə atılıb. Özü 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girib. İki erməni zabitini əlləri ilə boğaraq öldürüb və özü də şəhid olub. Ali Baş Komandanın göstərişi ilə İkinci Fəxri Xiyabanda, general Polad Həşimovun məzarının yanında dəfn olunub.
 
Azərbaycan cüdo məktəbinin daha bir şəhidi isə tankçı Vüsal Dəmirovdur. O, İsmayıllı rayonunda SSRİ idman ustası, Fəxri bədən tərbiyəsi və idman işçisi Bəhman Əkbərovla Əməkdar məşqçi Əkbər Şəfqətovun rəhbərlikləri altında məşq edib. Vaxtilə bir çox region yarışlarının, klub və cəmiyyətlərarası cüdo birinciliklərinin mükafatçısı, Bakı şəhər açıq birincilikləri, Azərbaycan birinciliyi və çempionatının iştirakçısı olub. Bundan əlavə, Vüsal texniki işçi kimi ACF-in keçirdiyi tədbirlərdə Yarışların Təşkili və Keçirilməsi Komitəsinin işçisi kimi çalışıb.
 
Vüsal Dəmirov döyüşlərdə igidliklə vuruşaraq qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb. Masallı rayon Uşaq Gənclər İdman Məktəbinin cüdoçusu kimi region və respublika miqyaslı yarışlarda dəfələrlə medallar qazanmış İntiqam Əsgərli isə Şuşa uğrunda gedən döyüşlərdə həlak olub. Qardaşı Nurlan Əsgərli 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid olub. Onda İntiqam da döyüşlərdə iştirak edib. Bu dəfə ikinci Qarabağ savaşında İntiqam da şəhid olub. İntiqam Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. İntiqam doğulduğu Masallı rayon Kalinovka kəndində böyük izdihamla dəfn edilib. 4 il əvvəl qardaşını müharibədə itirdiyinə görə komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər vuruşub. Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan cüdoçularının siyahısı:
 
1)Babayev Rəşad-1992-ci il-Gizir-Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Vətən uğrunda" medalına layiq görülüb.
2) Mədətov Zaur-1999-cu il-Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
3)Dəmirov Vüsal-1994-ci il-Füzuli uğrunda gedən döyüşlərdə həlak olub. Ölümündən sonra "Qarabağ" ordeninə layiq görülüb.
4)Dövlətzadə Cəbrayıl-2001-ci il-Cəbrayılda şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Bayrağı" ordeninə layiq görülüb.
5)Hüseynov Röyan-2001-ci il -Hadrutda şəhid olub-Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Vətən uğrunda" medalına layiq görülüb.
6)Əliyev Rüfət-1992-ci il-Gizir Zəngilanda şəhid olub-Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Vətən uğrunda" medalına layiq görülüb.
7)Seyfullayev Araz-2001-ci il-Cəbrayılda şəhid olub.
8)Hadıyev Vüsal-2000-ci il-Füzulidə şəhid olub.
9)Həsənov Süphan-2001-ci il-Hadrutda şəhid olub.
10)Əsgərli İntiqam-1994-cü il-Gizir-Şuşa uğrunda gedən döyüşdə şəhid olub-Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Vətən müharibəsi qəhramanı" adına layiq görülüb.
11)Məmmədov Elvin -1992-ci il-Ağdərədə şəhid olub.
12)İrapov İsmayıl-2002-ci il-Füzulidə şəhid olub.
13)Qədirov Elvin-2001-ci il-Cəbrayılda şəhid olub.
14)Məmmədov Fəqan-1998-ci il-Füzulidə şəhid olub.
15)Əhmədov Ehtiram-2001-ci il-Füzulidə şəhid olub.
16)Süleymanov Rəsul-2002-ci il-Mübariz İbrahimov Postunda şəhid olub.
17)Həsənov Novruz Cumali oğlu - 1996-cı il - Şuşa uğrunda döyüşdə həlak olub.
18) Ruhid İslamlı - 1999-cu il - Füzulidə həlak olub.
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin!