"Biz pulu ağır zədələr və böyük mənəvi zərbələr sayəsində qazanırıq"
Son illərdə Azərbaycan cüdo idman növündə uğurları ilə idmansevərlərin sevgisini qazanan idmançılardan biri də Rüstəm Orucovdur. O, 73 kilo çəki dərəcəsində Avropa çempionu, Dünya ikincisi, Rio Olimpiya oyunlarının gümüş mükafatçısıdır.
Milli komandanın üzvü Rüstəm Orucov AYNAya müsahibəsində həyat tərzindən, uğurlarından, planlarından danışıb.
- Hər gün zalda saatlarla məşq etmək çətin deyil?
- Biz tək zalda məşq etmirik. Regionlarda təlim məşq toplanışlarında oluruq, eyni zamanda dəniz kənarında çox məşq edirik. Məşqçilər bildirirlər ki, dəniz kənarında məşq etmək idmançının orqanizmi üçün çox xeyrlidir. Axı orada yod daha çox olur. Həm də ürək, qan-damar sistemi üçün xeyrlidir. Dəniz kənarında məşq etməyi sevirəm.
- Rüstəm Orucov Rio olimpiya oyunlarından sonra daha da məşhurlaşdı. Məşhurluq onun həyatında nəyi dəyişdi?
- Əvvəllər məşq etsəm də rəqiblərim məni yaxşı tanımırdı. Onların diqqət mərkəzində olmurdum. Amma Rio Olimpiadasında gümüş medal qazanandan sonra hər bir rəqibim məni daha da diqqətlə izləyir. Yarışımın videolarına baxıb analiz edirlər. Nəticədə onlarla güləşmək daha da çətin olur. Bu da məni daha məsuliyyətli olmağa məcbur edir. Nəticədə daha çox məşq edirəm ki, rəqiblərim məndən önə keçməsinlər.
- Özünüzə məxsus ən uğurlu, yəni qızıl fənd varmı?
- Əslində, bir fəndi daima istifadə edə bilmərəm. Axı, rəqiblərim daima məni izləyirlər. Hər il daha fərqli fənd üzərində çox işləyir, onu tətbiq etməyə çalışıram ki, rəqiblərim mənim zəif nöqtələrimi tuta bilməsinlər. Bir fəndi özününküləşdirənə kimi isə uzun zaman və gərgin məşqlər lazımdır. Daima üzərimdə işləyirəm, hətta başqa çəkilərdə məşq edən güclü idmançılardan, öz rəqiblərimdən də çox şey öyrənirəm.
- Tokio Olimpiadasına çox az vaxt qalıb. Bəzən birinci olimpiyadada uğur qazanan idmançılar ikincidə məğlub olurlar. Siz necə, mötəbər yarışa hazırsınız?
- Yaponyalı rəqibim var. Ona artıq neçənci yarışdır ki, qalib gələ bilmirəm. Onunla 4 dəfə güləşmişəm, 4 dəfə də məğlub olmuşam. Keçən olimpiyada finalında da ona məğlub olmuşdum. Amma özümə inanıram, Tokio yarışında özümü göstərmək istəyirəm. Var gücümlə qalib gəlməyə çalışacam.
- Amma çəki probleminiz var...
- 2018-ci ildə Bakıda keçirilən cüdo üzrə dünya çempionatında formada deyildim deyə, məğlub oldum. Ondan sonra qərar verdim ki, çəkimi qaldırsam, bəlkə yaxşı olar. 81 kiloqramda güləşməyə başladım. Bir neçə yarışdan sonra gördüm ki, yox, bu çəkidə güləşə bilmirəm. Bunun üçün fiziki hazırlıqlar daha çox olmaldır. Həm də olimpiyadaya az vaxt qalıb. Ona görə də yenidən 73 kiloqrama qayıtdım. Çəkimi salandan sonra yenidən yarışlarda qalib gəldim. Bir sözlə, 73 kilo mənlikdir.
- Amma 73 kiloqramda döyüşmək üçün də daima çəki salırsınız. Çəki salmaq üçün dietoloqa müraciət edirsiniz?
- Bəli, çəkim düşmürdü. Dietoloq mənə diyeta verdi. Daha çox su içməli olduğumu, düzgün qidalanmalı olduğumu dedi. Onunla da çəkimi saldım. İndi daha asan çəki sala bilirəm. Yarışa 2 həftə qalmış çəkimi salmağa başlayıram, diyeta və məşq nəticəsində çəkim çox rahat düşür.
- İdmançılar standart məşqlərdən bezdiyi üçün başqa idman növləri ilə gündəlik həyatlarına əyləncə qatırlar. Eyni zamanda da çəki salırlar. Siz hansı idman növü ilə məşğul olursunuz?
- Milli komandanın uşaqları ilə, adətən futbol oynayırıq. Həm maraqlı olur, həm də qaçırıq deyə, tərləyib çəki salırıq. Məşqçilər zədələnməyimizdən qorxurlar deyə, istəmirlər ki, futbol oynayaq. Biz də çalışırıq, bir-birimizi əzməyək. Hətta bizim milli komandada çox gözəl futbol oynayan uşaqlar var.
- Yəni, futbol üzrə milli komanda da oynaya bilərlər?
- Mən zəif oynayıram. Amma güclülər çoxdur. Bəli, oynaya bilərlər.
- Nə zamansa idmanı atmaq fikriniz olub?
-Bir müddət məndə uğur qazanmaq alınmırdı. 20 yaşa kimi bütün yarışlarda məğlub olurdum, belimdə də yırtıq var idi. Dedim ki, bəsdir, yer qazana bilmirəm. Həvəsdən düşürdüm. Atam isə mənə mənəvi dəstək olurdu. Deyirdi, “sona kimi get, mütləq alınacaq”. Heç vaxt ağlıma gəlməzdi ki, mən olimpiyadada ikinci yerə kimi yüksələcəm. 2015-ci ildən başlayaraq, demək olar, heç bir yarışda məğlub olmadım.
- Son zamanlar yalnız gümüş medal qazanırsız...
- Çünki yapon rəqibim məni həmişə məğlub edir. Onlar texniki cəhətdən bizdən çox üstündürlər. Yaponların məktəbi çox güclüdür.
- Qalibiyyət üçün motivasiya olmalıdır. Sizin motivasiyanız nədir?
- Ailəm və uşaqlarım. Qalib olmaq istəyirəm ki, ailəm, uşaqlarım üçün yaxşı şərait qurum. İdmanı atandan sonra isə beynəlxalq seminarlar keçəcəyəm, məşqçi kimi fəaliyyət göstərəcəyəm. Cüdo mənim həyatımın ayrılmaz hissəsidir.
- Bir çoxları idmançıların rahat mal-mülk qazandığını iddia edir. Bu fikirlə razısınız?
- Axı, elə deyil. Azərbaycanda cüdo ilə bir çəkidə yüzlərlə insan məşğul olur, onlardan bir neçəsi milli komandaya düşür və o bir neçə nəfərin içindən ən güclüsü Azərbaycanı dünyada təmsil edir. Həmin idmançı dünyanın ən güclülərini məğlub edib qalib olur. Bu pillələri keçmək isə çox ağır fiziki, mənəvi məşqlərdən sonra baş verir. Ən əsası isə bu, hər idmançıya nəsib olmur. Axı, bir idmançı qazanır, yüzlərlə idmançı illərini idmana verir, sonra heç nə əldə edə bilmir. Sonda ya yenidən təhsil almalı olur, ya da gedib mühafizəçi işləyir. Uğur qazanan idmançının çəkdiyi əzabları görmürlər. Mənim bu yaxınlarda qabırğam sındı. Bir ay yerimdən qalxa bilmədim, bu gün də hələ tam sağlam deyiləm. Belimdə 2 yırtıq var, qabırğam zədəlidir. Gəzəndə özümü fiziki məhdudiyyətli insanlar kimi hiss edirəm. Biz pulu ağır zədələr və böyük mənəvi zərbələr sayəsində qazanırıq. Bu tərəflərini isə bizi izləyənlər görmür. Ona görə onlara idmanda qalib gəlmək asan görünür.
- Rüstəm Orucov özü hansı cüdoçumuza pərəstiş edir?
- Milli komandamızın üzvü Tural Safquliyevdir. Çox istərdim ki, Tural Safquliyev hələ ki nəticə əldə etməyib. Amma çox istərəm, idmançımız Avropa, dünya çempionatlarında uğur əldə etsin.
- Rüstəm Orucov karyerasına nə zaman son qoymağı planlayır?
- Qarşıdan Tokio Olimpiadası və 2021-ci İslam Oyunları gəlir. Onlarda da iştirak edib uğur qazanmaq niyyətindəyəm. Daha sonra idmançı karyerama son qoymağı düşünürəm. Çünki zədələrim çoxdur. (Ayna.az)