“Avropa çempionatına çox yaxşı hazırlaşmışdıq. Azərbaycan çempionatından əvvəl də təlim-məşq toplanışı keçmişdik. Artıq 4-cü dəfədir ki, Avropa çempionatında 3-cü yerə çıxıram. Dördündə də yarımfinalda uduzmuşam. Bu tilsimi qıra bilmirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan sərbəst güləş yığmasının üzvü Əli Rəhimzadə deyib.
O, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında 65 kq çəki dərəcəsində 3-cü yeri tutub.
Yenə finala çıxa bilməyən Ə.Rəhimzadə gələcək yarışlarda daha böyük uğurlara ümid etdiyini vurğulayıb: "Özümə çox inanırdım. Görünür məğlub olduğum rəqib qələbəni məndən çox istəyirdi və qalib gəldi. Bu yarışda özümə əsas rəqib gördüyüm güləşçilər digər səbətdə yer almışdılar. İnşallah, növbəti yarışlarda bu səhvləri etmərəm. Sırf məğlub olduğum görüşü təhlil edib, üzərində çox çalışmalıyam. İnşallah, dünya çempionu olaram, məşqçilərimi, federasiyamızı və xalqımızı sevindirərəm”.