Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Offsideplus.az xəbər verir ki, təmsilçimiz həlledici görüşdə gürcü Solomon Manaşvilini möcüzəvi şəkildə məğlub edib.

Final qarşılaşmasının ilk hissəsi maraqsız olsa da, son saniyələri dramatik məcrada keçib.

3:7 hesabı ilə geri düşən Meşvildişvili sona 3 saniyə qalmış möhtəşəm fənd işlədərək, 4 xal əldə edib. Görüşün 7:7 hesabı ilə başa çatmasına baxmayaraq, "xalların keyfiyyəti"nə görə idmançımız qızıl medala layiq görülüb.

Bu gün təmsilçilərimizdən Osman Nurməhəmmədov (92 kq) gümüş, Ağanəzər Novruzov (74 kq) isə bürünc medal əldə edib.