Avstraliyanın “Vestern Sidney Uonderers” komandasının baş məşqçisi Markus Babbel hazırda bu ölkənin çempionatında çıxış edən atletika üzrə 8 qat olimpiya çempionu Useyn Boltun futbolçu ola bilməyəcəyi qənaətindədir.
Offsideplus.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Belçikanın “Blick” nəşrinə açıqlamasında yamaykalı sprinterin piar baxımından önəmli olduğunu vurğulayıb.
“Boltu məşqdə izlədim. Ona olan sevgim öz yerində, Useyn 100 il də məşq etsə, ondan futbolçu olmaz. Çox yaxşı bir piar həmləsinin olduğu reallıqdır. Onun sayəsində Avstraliya çempionatına maraq artdı. Amma bu işi ciddiyə ala bilmərəm”, - deyə Babbel bildirib.
Bolt bu ilin avqustunda Avstraliyanın “Sentral Kost Mariners” klubunda debüt edib və dörd gün öncə yoldaşlıq matçında futbolçu karyerasında ilk qollarını vurub. Malta təmsilçisi “Valletta”nın təklifini geri çevirən 32 yaşlı idmançı hələ hazırkı klubu ilə peşəkar müqavilə bağlamayıb.
Qeyd edək ki, futbolçu karyerası ərzində Almaniya millisi ilə AVRO-1996-nın qalibi olan Markus Babbel vətənində “Bavariya”, İngiltərədə “Liverpul” kimi klubların formasını geyinib. O daha əvvəl Almaniyanın “Ştutqart”, “Herta”, “Hoffenhaym” və İsveçrənin “Lütsern” komandalarına rəhbərlik edib.
“Vestern Sidney Uonderers” 2017/2018 mövsümündə Avstraliyanın A Liqasında 7-ci yeri tutub və final mərhələsinə vəsiqə qazana bilməyib. 2018/2019 mövsümünə isə bu gün start verilib. (report)