"Futbolçu tapmaqda çətinlik çəkirik".

Bu sözləri Offsideplus.az-a açıqlamasında 17 yaşadək qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Zamir Həsənov bu gün Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatması barədə danışarkən deyib.

O, ilk olaraq rəqibləri dəyərləndirib:

"B" səbətinin 4-cü qrupunda Latviyanın ev sahibliyi edəcəyi 3 komandadan ibarət qrupa düşmüşük. Oyunlarımızı sentyabr ayında keçirəcəyik. "A" səbətindən gəlmiş Slovakiya kifayət qədər ciddi komandadır. Hər il ilk mərhələni keçəcək qədər stabil oyun göstərirlər. Turnirin ev sahibi Latviya komandasını da izləmişik. Yaxşı heyətləri var. Həm də ev sahibi üstünlükləri olacaq".

Zamir bəy futbolçu azlığından əziyyət çəkdiklərini də diqqətə çatdırıb:norm

"Bizim komanda futbolçu tərəfdən ciddi sıxıntı yaşayır. Bu da əlimizdə kifayət qədər materialın olmamağına gətirib çıxarır. Normalda bu il üçün 2006 təvəllüdlü oyunçular U-17-yə cəlb olunmalıdır. Hətta UEFA bir yaş aşağı, yəni 2007-ci ildən olan futbolçuların da bu yaş kateqoriyasında oynamağına şərait yaradır. Lakin son illərdə valideynlərin qızları futbola buraxmaması bizə bu yöndən çətinliyə salır. Bunu aradan qaldırmaq üçün bəzən Azərbaycan əsilli qızları milliləşdiririk. Amma son vaxtlar çalışırıq bundan daha az istifadə edək və inkişaf üçün öz qızlarımıza üstünük verək. Əsas məqsədimiz döyüşkən, mübariz komanda qurmaqdır. Keyfiyyəti yalnız mübarizliklə sığorta edə bilərik".

Mütəxəssis turnirin Millətlər Liqası formatında keçiriləməsinin yaxşı olduğunu deyib:

"Turnirin Millətlər Liqası formatında keçirilməsi oyun praktikası baxımından əla bir yenilikdir. Biz son illər pandemiyadan dolayı çox ciddi oyun praktikası əksikliyi yaşayırıq. Buna görə də bu format alqışa layiqdir".

Həsənov komandasına inandığını bildirib:

"Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanırıq. İnşallah, əziyyətimiz yerdə qalmayacaq".

CAVİD ƏLİYEV