Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov bu gün Bakı İdman Sarayında milli komandanın üzvləri ilə görüşüb.
Offsideplus.az xəbər verir ki, komandanın məşq prosesi ilə maraqlanan federasiya rəhbəri qarşıdakı turnirdə qarşıya qoyulan hədəflər barədə danışıb. Zaur Axundov daha sonra millinin açıq məşqini izləyən jurnalistlərin suallarını cavablandırıb:
“Artıq hazırlığın son hissəsidir. Tamamlama məşqləri keçirilir. Komanda üzvləri ilə görüşdük. Məşqçilər korpusu da hər məşqdən sonra hazırlıqla bağlı bizi məlumatlandırırdı. Baş məşqçi deyib ki, xırda detallar qalıb, rəsmi oyuna qədər yekunlaşdıracaqlar. Heyətdə zədəli futzalçı yoxdur. Komandanın final mərhələsinə hazır olduğunu deyə bilərik.
İlk tapşırıq birinci oyunda qələbə qazanmaq, qrup mərhələsindən ¼ finala yüksəlməkdir. Gürcüstanla oyunda qazanılacaq nəticə çox vacibdir. Biz heç bir rəqibi zəif hesab etmirik. Ümumiyyətlə, bu gün dünyada zəif rəqib yoxdur. Final mərhələsinə vəsiqə qazanan komanda heç vaxt zəif ola bilməz. Söhbət qarşıya qoyulan məqsəd və ona addım-addım yaxınlaşmaqdan gedir. Bizim tapşırıq qrup mərhələsini adlamaqdır. Həm də birinci oyunlar adətən çətin keçir. Komanda sanki həmin görüşün ikinci hissəsində futzal oynamağa başlayır. Bu baxımdan Gürcüstanla oyunun əhəmiyyəti böyükdür. Ona görə də komandanı qrupun açılış matçına yaxşı kökləməliyik.
İlk dəfə final mərhələsində 16 komanda iştirak edəcək. Buna görə də qrupumuzda 4 milli yer alacaq. Ancaq məqsədimiz dəyişmir. Biz 6-cı dəfə bu yarışda iştirak edəcəyik. Ona görə qeyd edirəm ki, birinci qarşılaşmadakı nəticə çox vacibdir”.