Azərbaycan Azarkeşlər Birliyi (AAB) şəhid azarkeşlərin adına xatirə turniri təşkil etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, birliyin üzvləri yarışla bağlı plan quraraq AFFA-ya təqdim edib. Lakin qurumdan alınan cavab ürəkaçan olmayıb. Assosiasiya elan etdiyi qrant layihədə AAB-nin müraciətinə müsbət yanaşmayıb.
Təfərrüatı birliyin rəhbəri Atanur Cəfərli saytımıza açıqlamasında öyrəndik: “AFFA qrant müsabiqə elan edən zamanda Azərbaycan Azarkeşlər Birliyi olaraq layihəmizi göndərmişdik. Layihə şəhid olmuş azarkeş qrupunun üzvləri üçün xatirə turniri idi. Bildiyiniz kimi, ikinci Vətən müharibəsində şəhid olanlar arasında tribunalardan tanıdığımız azarkeş yoldaşlarımız vardı. Bu məqsədlə AFFA-ya müraciət etmişdik.
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və assosiasiyanın texniki direktoru Cahangir Həsənzadə bizi qəbul etdi. Görüşdük, danışdıq, layihəmizi təqdim etdik və müəyyən fikir mübadiləsi apardıq. Hətta turnirdə yerli və əcnəbi azarkeşlərin iştirakının mümkünlüyünü qeyd edib, əsas məqsədimizin şəhid azarkeşlərin ruhunu şad etmək olduğunu bildirdik.
Layihə Azərbaycanda futbolun kütləviliyin artırılmasına xidmət etməliydi. Ölkədə futbol azarkeşlərinin sayı çox olsa da, sırf Azərbaycan futbolu ilə bağlı məsələdə kütləvilik müşahidə olunmur. Ona görə də belə bir turnir təşkil etməklə az öncə dediyim xarici azarkeş qruplarını da futbolumuza doğru yaxınlaşdırıb, kütləvilik yaratmaq istəyirdik. Həmin əcnəbi fanatları gələcəkdə yığmanın, yaxud klubların beynəlxalq oyunları zamanı stadionlarımıza dəvət etmək istəyirdik. Görüş zamanı təşkilatçılıqla bağlı heç bir problemin olmayacağını əminliklə söyləmişdik”.
Cəfərli müsabiqədə qalib gələ bilməyəcəklərini ağlının ucundan belə keçirmirmiş: “Açığı, qalib 3 layihə arasında olmadığımızı görəndə təəccübləndim. Əsas maliyyə xərclərini stadionun icarəsi və hakimlik aparır deyə, AFFA-nın bu yöndə bizə dəstək olacağını düşünürdük. 16 komandadan ibarət 32 oyunlu turnir düşünmüşdük ki, hər oyun üçün stadiona 60-70 manat ödəniş etmək lazım gəlir. Təəssüf ki, görüş zamanı ideyamız dəstəkləndiyi halda, qaliblərin adları arasında bizim adımız olmadı. Mütləq qalib gəlməli olduğumuzu demirəm. Amma qalib olanların planlarına baxırıq, onların ölkə futbolunda kütləviliyinin artırılması ilə bağlı uğurlu layihə olduğuna düşünmürük. Belə deyim, seçkilərin ədalətli keçirildiyi qənaətində deyilik. Müsabiqədə 2-ci yeri tutan komanda Ceyranbatanda futbol turniri təşkil edəcək. Etsinlər, uğur olsun! Lakin bu, Azərbaycan futbolunda kütləviliyin artırılmasına nə dərəcədə yararlı ola bilər? Yaxud şəhid olan azarkeşlərin xatirə turnirindən bu qədərmi artıq idi?
Qısası, AFFA şəhid azarkeşlərin adına həsr olunan turnirin keçirilməsinə dəstək vermədi. Buna baxmayaraq, həvəsdən düşmürük. Orda vaxtilə bizimlə tribunada çiyin-çiyinə dayanan şəhid qardaşlarımızın adı varsa, istənilən halda turniri təşkil edəcəyik. Bu yöndə çalışmalarımız davam edir. Hazırda sponsor axtarışındayıq. Sponsorlara təqdim etmək üçün paket planımız da hazırdır. İnanıram ki, tezliklə sponsor tapıb, istəyimizi həyata keçirəcəyik”.
Mövzuya qayıdacağıq...