"Operativ Qərargaha müraciət etmişik, müzakirələr davam edir. Hansısa cavab aldıqdan sonra nə isə demək olar. Hələlik əvvəlki plan üzrə fəaliyyət göstəririk".
Offsideplus.az xəbər verir ki, bu fikirləri açıqlamasında AFFA-nın vitse-prezidenti, İşçi Qrupun sədri Vaqif Sadıqov ölkədə karantin rejiminin avqustun 31-dək uzadılmasının Azərbaycan Premyer Liqasının start tarixinə mümkün təsiri barədə danışarkən deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, futbolla bağlı hər hansı sərt qərar qəbul olunsa, fərqli variantlar nəzərdən keçiriləcək: "Bu gün kiminsə yerinə cavab vermək düzgün olmaz. Hər şey dövlətin verəcəyi qərarlardan, bundan sonrakı statistikadan asılıdır. Hələlik nikbin statistikaya uyğun addım atırıq. Ümid edirik ki, davamı gələcək. Fikrimcə, məşqlərə icazə verilibsə, çempionatı da vaxtında başlatmaq mümkün olacaq".
V.Sadıqov Operativ Qərargahın idmanla bağlı fərqli qərar qəbul edəcəyini gözləyirmiş: "Amma sərt karantin rejimi davam edəcək. Buna uyğun fəaliyyətimizi davam etdiririk. Ümidliyəm ki, planlı şəkildə istəyimizə nail olub çempionatı keçirə biləcəyik".
Avrokuboklarda iştirak edəcək Azərbaycan klublarının ev oyunları ilə bağlı məsələyə də toxunan vitse-prezident vurğulayıb ki, buna püşkatma ərəfəsində aydınlıq gələcək: "Püşkatmayadək dəqiq qərar qəbul olunmalıdır. Rəqiblərin kimliyini, ilk oyunların harada keçiriləcəyini biləndən sonra tam dəqiq fikir bildirmək olar. AFFA rəhbərliyi bu istiqamətdə hər şeyi edir ki, Çempionlar Liqası və Avropa Liqasında çıxış edən klublar rəqiblərini öz meydanlarında qəbul edə bilsinlər".
Qeyd edək ki, İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya, assosiasiya isə bunu Peşəkar Futbol Liqasına təqdim edib. (Report.az)