Paolo Trametsani Ermənistan yığmasının baş məşqçisi ola bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə Cənubi Kipr mətbuatı məlumat yayıb. Bildirilir ki, 49 yaşlı italiyalı mütəxəssis Ermənistan millisinin baş məşqçi postuna namizədlərdən biridi. Onunla yanaşı, Aleksandr Qriqoryanın da adı hallanır.

Ermənistan millisinin baş məşqçi Armen Gülbudaqyan ötən ay Finlandiyaya 0:3 hesabı ilə uduzduqdan sonra istefa verib. Bu oyundan sonra ermənilər "AVRO-2020"nin final mərhələsinə vəsiqə şansını itirib.

Qeyd edək ki, Paolo Trametsani bu mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşan Cənubi Kiprin APOEL klubuna başçılıq edib. O, ilk oyunda Azərbaycan çempionuna 1:2 hesabı ilə uduzduqdan istefaya göndərilib. Paolo Trametsanini Tomas Doll əvəzləyib. Nikosiyalılar cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək, pley-offa yüksəliblər. Lakin orada Hollandiya "Ayaks”ını keçə bilməyən (0:0, 0:2) Cənubi Kipr çempionu Avropa Liqasında "Qarabağ”la eyni qrupa düşüb. Bakıda keçirilmiş III tur qarşılaşmasında 1:1 hesablı heç-heçə edən komandalar sabah Cənubi Kiprdə görüşəcəklər. IV turun görüşü Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.(fanat.az)