Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” klubunun baş meneceri Ramin Şükürov komandanın gələcək perspektivləri barədə mətbuat xidmətinə müsahibə verib.
Offsideplus.az müsahibəni təqdim edir:
- “Qarabağ Vyana” klubunun cari mövsümün ilk dövrəsindəki çıxışını necə qiymətləndirirsiniz?
- Klubumuz bu il Avstriyanın üçüncü liqasında ilk dəfə çıxış etməsinə baxmayaraq, 16 oyunun nəticəsində 30 xal toplayaraq dövrəni altıncı yerdə bitirib. Bu nəticə üçüncü liqaya yeni yüksələn və ilk dəfə olaraq bu liqada mübarizə aparan klub üçün yüksək göstəricidir. Lakin bu, qarşısına yüksək hədəflər qoyan bir klub üçün qaneedici nəticə deyil. Klub olaraq ardıcıl üç ildir yüksək liqaya yüksəlməyimizi, hər il yüksək liqalara uyğun dəyişiklikləri və istənilən nəticələri əldə etmək üçün adaptasiya müddətini nəzərə alsaq, “Qarabağ Vyana”nın idarə heyəti hazırkı inkişaf prosesindən məmnundur. Çünki liqanın ilk dövriyyəsindəki nəticələr həlledici deyil. Biz dövrəarasını doğru dəyərləndirərək həlledici olan ikinci mərhələdə ümidləri doğruldacaq nəticələrə nail olmaq istəyirik.
- Son oyunları nəzərə alaraq demək olarmı ki, bəzi futbolçular məşqçilərin ümidini doğrultmadı?
- Təbii ki, yeni transferlərdən qısa müddətdə istənilən səviyyədə oyun tələb etmək olmur. Biz bu il müxtəlif ölkə və liqalardan, fərqli özəlliklərə sahib oyunçu transferləri etdik. Bütün bu fərqlilikləri klubun gələcəyi naminə birləşdirmək üçün ən önəmli ehtiyac zamandır. Klub rəhbərliyi qısa müddət ərzində böyük nəticələr əldə etmək üçün lazımi işləri həyata keçirir. Çünki ən qısa müddətdə Avstriya birinci liqasına çıxmaq hədəfinə çatmaq üçün ciddi mübarizə aparmaq lazımdır.
- Antalya toplanışında Bakının “Xəzər” klubu ilə görüş oldu. Bu, Azərbaycan klubu ilə ilk matç kimi tarixə düşdü. Rəqib haqqında fikirləriniz maraqlı olardı.
- “Xəzər” klubu da “Qarabağ Vyana” klubu kimi gənc və hədəfləri olan klubdur. Bizimlə oyunda rəqib çox yaxşı mübarizə apardı. Bu inkişaf tempi ilə “Xəzər” klubunu tezliklə Premyer Liqada görəcəyimizə inanıram. Ümid edirəm ki, yaxın gələcəkdə “Xəzər” və “Qarabağ Vyana” ən yüksək liqada mübarizə aparan futbol klubları kimi yenidən qarşılaşacaqlar.
- Klubunuzda çıxış edən azərbaycanlı futbolçuların hazırlıq səviyyəsi necədir?
- Qış transferində klubumuzun heyətinə cəlb olunan Emil Fərzəliyev ilə birlikdə hazırda komandada üç azərbaycanlı futbolçu var. Bildiyiniz kimi, Elvin Bədəlov və Dmitri Nağıyev mövsümün ortalarından heyətdə yer almağa başladılar. Elvin Bədəlov bu mövsüm çox yaxşı formadadır və davamlı olaraq start heyətdə çıxış edir. Dmitri Nağıyev sağ müdafiə mövqeyində çıxış etmək üçün Avstriya Bundesliqasında çempion olan Kristian Sonoferlə rəqabət aparır. Təbii ki, kimin hansı oyunda komanda üçün daha doğru seçim olduğuna komandanın baş məşqçisi qərar verir. Emil Fərzəliyev isə çox gənc futbolçu olaraq “A” komandasında forma geyinmək üçün adaptasiya müddəti keçməli və çox çalışmalıdır.
- Yayda digər azərbaycanlı futbolçuların transferi gözlənilirmi?
- Yay transferi üçün indidən düşünmək tezdir. Çünki biz mövsümün sonunda hansı liqada olacağımızı daha bilmirik. Mövsümün sonuna yaxın hansı liqada oynamağımızın daha real olmasını nəzərə alaraq həmin liqanın səviyyəsi üçün transferlərə diqqətimizi yönəldəcəyik. Azərbaycanlı bir sıra gənc oyunçuların yayda transferi həyata keçirilə bilər. Klubun skautları Azərbaycanın U-19 və U-21 komandalarında forma geyən futbolçuları izləyir.
- “Qarabağ Vyana”nın infrastrukturu və gələcək planlar barədə danışmağınızı istərdik.
- Bu ilin fevralında klubumuzun infrastruktur imkanları baxımından çox önəmli hadisə baş verdi. Üç aydır Şvexat şəhər meriyası ilə apardığımız rəsmi danışıqlar fevralın 15-də bəhrəsini verdi. Belə ki, klub və şəhər meriyası arasında razılığa əsasən komandamız artıq ev oyunlarını Avstriyanın tarixi “Rudolf Ton” stadionunda keçirəcək. Bu stadion 1980-ci ildə inşa edilib və 7 min tamaşaçı yerlikdir. Klubumuz martın 3-də bu stadionda ilk rəsmi ev oyununa çıxacaq.
“Qarabağ Vyana” idman mərkəzi isə klubumuzun futbol məktəbi və əsas komandaları üçün təlim-məşq meydançaları kimi qalmaqda davam edəcək. İdarə heyəti maliyyə imkanlarımızı genişləndirərək, idman mərkəzini yaxın gələcəkdə müasir idman mərkəzi kompleksi formasında inşa etməyi planlaşdırırıq.
- Cari mövsüm üçün hədəf nədir? Hazırda futbolçuların səviyyəsi daha yüksək liqaya vəsiqə qazanmağa imkan verirmi?
- Hər il olduğu kimi, bu il də cari mövsümdə hədəf bir pillə yüksək liqaya vəsiqə qazanmaqdır. Bu il klubumuzun yuxarı liqaya vəsiqə qazanması bizim üçün daha böyük əhəmiyyət daşıyır. Çünki biz bununla Bundesliqanın rəsmi üzvü olmaq hüququ daşıyaraq, Avstriyanın ən yüksək ikinci liqasında mübarizə aparmaq şansı əldə edə bilərik. Bundesliqa özündə Avstriya 1-ci və 2-ci liqalarını birləşdirir. Azərbaycanlılar tərəfindən yeni qurulan və qısa müddətdə sürətlə bu qədər irəliləyən “Qarabağ Vyana”nın Bundesliqada mübarizə aparmasının nə qədər qürurverici uğur ola biləcəyini yəqin ki, izah etməyə ehtiyac yoxdur.
- “Qarabağ Vyana”nın gücü, nəticələri Avstriya futbolunda necə qarşılanır?
- Komandanın gücü gənc, innovativ və modern klub olmasıdır. Avstriyada klublar və futbolsevərlərin böyük bir hissəsi mühafizəkardır. Bu önəmli faktor klubun Avstriya cəmiyyətində qəbul edilməsində ilk dönəmdə böyük sədd kimi görünürdü. Təbii, idarə heyəti olaraq bilirdik ki, Avstriyada xarici klub statusunda olan azərbaycanlılar tərəfindən qurulan və yerli cəmiyyətdə “Azərbaycan klubu”, “Azərbaycanlıların klubu” kimi tanınan futbol klubunu cəmiyyətin futbolsevər kütləsi tez bir zamanda sevməyəcəkdi. Əksinə, buna qarşı da çıxa bilərdi. Biz bu çətinliklərlə yola başlayaraq inandıq ki, əldə edəcəyimiz uğurlar və cəmiyyət həyatında pozitiv görəcəyimiz işlər “Qarabağ Vyana” futbol klubunu müəyyən müddət sonra yerli cəmiyyətdə sevilən klublardan biri edəcək. Bu inancımız və əzmkar fəaliyyətimiz bu gün bəhrəsini verir. Artıq yerli cəmiyyətdə futbolsevər kütlənin önəmli bir hissəsi klubumuzu uğurla yüksələn və inkişaf edən bir klub kimi tanıyır. Klubun oyununu izləməyə gələn tamaşaçıların sayı gündən-günə artır. Biz nəinki gözəl futbol nümayiş etdirməklə, nizam-intizamlı davranmaqla, həm də sosial layihələrlə çalışırıq ki yerli cəmiyyətdə klub olaraq adımız və fəaliyyətimiz hər zaman insanlarda pozitiv fikirlər oyatsın və dəstəklənsin. Gənc Azərbaycanlılar olaraq hər zaman fərqindəyik ki, idarə heyəti olaraq fəaliyyətimiz və davranışlarımız Avstriya cəmiyyətində sadəcə “Qarabağ Vyana” haqqında deyil, bilavasitə vətəndaşı olduğumuz Azərbaycan və ölkəmizin insanları haqqında da fikir yaradacaq. Bu amil bizim üçün çox böyük məsuliyyətdir və biz bunu layiqincə daşımağa çalışırıq.
Fürsətdən istifadə edərək komandamıza Azərbaycanda dəstək olan azarkeşlərə təşəkkür edirəm. Sosial mediada bizə çoxlu sayda məktublar gəlir. Klubun formasını əldə etmək istəyən insanlar Bakıda rəsmi mağazamızın açılmasını istəyir.
- Yayda nəticədən asılı olaraq klubda islahatlar ola bilərmi?
- Əgər siz uzunmüddətli inkişaf planı hazırlayıb və qarşınıza bunu həyata keçirmək üçün hədəf qoymusunuzsa, hədəfə çatana qədər daim islahatlar və dəyişikliklər gözləniləndir.