“Şadam ki, bizim Şehiç və Beqoviçdən başqa, Kenan Piriç və Qoran Karaçiç kimi istedadlı gənc qapıçılarımız da var. Hansı ki, onlar Bosniya və Herseqovina futbolunun mükəmməl gələcək vəd edən futbolçularıdı”.

Offsideplus.az saytının məlumatına görə, bunu Bosniya və Herseqovinanın əfsanəvi qapıçısı Slobodan Yanuş deyib.

66 yaşlı mütəxəssis yerli mətbuata müsahibəsində millinin qapıçıları ilə bağlı fikirlərini bölüşüb. Onun fikrincə, Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki çərçivəni “Qarabağ”ın qolkiperi İbrahim Şehiçə tapşırmalıdı.

Yanuş 30 yaşlı qapıçını hətta “Bornmut”un üzvü Asmir Beqoviçdən də güclü sayır: “Mənə görə, İbrahim Şehiç ölkənin bir nömrəli qapıçısıdı. Çünki o, bir çox komponentlərdə Asmir Beqoviçdən güclüdü. İstəməzdim ki, məni səhv başa düşsünlər. Beqoviçin İngiltərə Premyer Liqasındakı çıxışını və keyfiyyətini kiçiltmək fikrində deyiləm. Lakin Şehiç xal qazan qapıçıdı. O, bunu Çempionlar Liqasındakı möhtəşəm oyunları ilə hər kəsə göstərdi. Şehiçin keyfiyyətli qapıçı olması ilə bağlı fikrimi ən yaxşı baş məşqçilərdən olan Dieqo Simeone də dəstəkləyir. Millinin qapıçı-məşqçisi Kenan Hasagiçə yox, baş məşqçisi Robert Prosineçkiyə məsləhətim ondan ibarətdi ki, Şehiçə şans versin”.

Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ildən “Qarabağ”ın formasını geyinir.