Azərbaycanın futbol veteranı Vəli Qasımovun 50 illik yubileyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək.

Offsideplus.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçda Azərbaycan futbol veteranları ilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda birgə çıxış etmiş əcnəbi veteran oyunçulardan ibarət komandalar üz-üzə gələcək.

Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət kollektivin çalışdırıcısı isə Valeri Qazzayev olacaq. Noyabrın 15-də Bayıl stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan futbolunun istedadlı nümayəndələrindən sayılan V.Qasımov zəngin futbolçu karyerasına malikdir. O, “Neftçi” ilə yanaşı, Rusiya, İspaniya və Portuqaliyanın müxtəlif klublarında çıxış edib, 1992-ci il Rusiya çempionatının bombardiri olub. Hazırda V.Qasımov 2019-cu ildə Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşmasının səfiri kimi fəaliyyət göstərir.