AFFA nümayəndə heyəti Özbəkistana işgüzar səfəri çərçivəsində iki ölkə arasında futbolun inkişafı və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Offsideplus.az xəbər verir ki, baş katibin müşaviri Orxan Həsənov, Hakimlər Komitəsinin sədri Rəhim Həsənov və digər rəsmilərin yer aldığı heyət yerli infrastrukturla tanış olub.
Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti Rövşən İrmatovla keçirilən görüşdə hakimlik sisteminin təkmilləşdirilməsi, gənc mütəxəssislərin hazırlanması, rəqəmsallaşma və uşaq futbolu üzrə təcrübə mübadiləsi aparılıb. Görüşün sonunda tərəflər birgə layihələrin icrası barədə razılığa gəliblər.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.


