Argentinalı ulduz Lionel Messi şərəfini qoruduğu "İnter Mayami"nin heyətində yenidən fərqlənib.

Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu 3 oyunluq fasilədən sonra yaşıl meydançalara qayıdıb.

O, KONKAKAF Çempionlar Liqasının 1/8 finalının cavab görüşü çərçivəsində Yamaykada yerli "Kavalyer"ə qarşı mübarizə aparıb. Oyuna ehtyat oyunçular skamyasında başlayan Messi 53-cü dəqiqədə Luis Suaresin əvəzinə meydançaya çıxıb.

Artıq o vaxta qədər həmin Suares penalti zərbəsi ilə hesabı açmışdı (37-ci dəqiqədə). Messi isə qarşılaşmanın 90+2-ci dəqiqəsində yekun hesabı müəyyənləşdirib - 2:0. Birinci oyunda da eyni hesbla qalib gələn "İnter Mayami" 1/4 finala yüksəlib. Bu mərhələdə rəqib ABŞ-ın digər təmsilçisi "Los Anceles" olacaq.

Qeyd edək ki, bu, Messinin "İnter Mayami"də 37-ci, karyerasında isə 853-cü qolu olub.