Azərbaycan milli komandasının futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu Polşanın "Radomyak" klubu yerli çempionatda növbəti oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, Radom təmsilçisi doğma meydançada "Legiya"nı qəbul edib.
R.Məmmədovun adı oyunun protokoluna daxil edilsə də, həmvətənimiz sonadək ehtiyatda qalıb.
Matç "Radomyak"ın sensasion qələbə ilə yekunlaşıb. Belə ki, meydan sahibləri çempionluq uğrunda mübarizə aparan və 5-ci pillədə qərarlaşan rəqibə ağır zərbə vurublar.
Hərçənd hesabı 6-cı dəqiqədə "Legiya" açıb. Lakin sonra təşəbbüsü əldən verən Varşava klubu "Radomyak"ın əzmkar qələbəsinə mane ola bilməyib - 3:1.
Rahil Məmmədovun komandası qalibiyyət sayəsində "təhlükəli zona"dan bir qədər uzaqlaşıb. Xalını 24-ə çatdıran "Radomyak" 13-cü pilləyə yüksəlib.
Xatırladaq ki, azərbaycanlı müdafiəçi karyerasını ötən ilin yanvarından Polşada davam etdirir. Öncə Lodzun LKS klubunda oynayan R.Məmmədov yayda "Radomyak"a keçib.