Daha bir azərbaycanlı futbolçu karyerasını bitirib.

 Söhbət son olaraq Moldovanın "Dinamo-Avto" klubunda çıxış etmiş Orxan Qurbanlıdan gedir. Bu barədə məlumatı 26 yaşlı Qurbanlı saytımıza müsahibəsində verib.

O, karyerasını erkən bitirməsinin səbəbini belə izah edib: "Beş ay olar ki, futbolçu karyeramı bitirmişəm. Çəkdiyim əziyyətə dəymirdi. Aldığım məvacib məni qane etmirdi. 1000-2000 manata oynamaqdansa, karyeramı bitirmək variantını seçməyi daha üstün tutdum. Həm də yaxşı iş, şəxsi biznes imkanı olduğu üçün bu addımı atdım".

Orxan Qurbanlı karyerası ərzində ölkəmizdə "Neftçi" və "Səbail" klublarında top qovub. Sabiq hücumameyilli yarımmüdafiəçi Latviyanın "Dauqavpils", "Ventpils" kimi komandalarında çıxış etdikdən sonra, Moldovanın "Dinamo-Avto" klubunda forma geyinib.

Onunla müsahibəni bu gün Offsideplus.az-da oxuya bilərsiniz.

Daşqın Əziz