Almaniya 2-ci Bundesliqasında 2020/21 mövsümünə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da sonuncu oyununa çıxıb.
Komanda 34-cü tur çərçivəsində doğma meydanda “Osnabruk”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə, komandası 0:1 hesabıyla məğlub durumda olarkən meydana buraxılıb. Komandasına qələbə qazandıran qolları da Nazarov vurub. O, meydana çıxandan cəmi iki dəqiqə sonra hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə o, özünün və komandasının ikinci qolunu vurmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, 34 oyuna 44 xal toplamış “Ersgebirge” mövsümü 18 kollektiv arasında 12-ci pillədə başa vurub.