"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının I təsnifat mərhələsinin Uelsdə keçiriləcək cavab matçı barədə fikirlərini bölüşüb

Offsideplus.az xəbər verir ki, mütəxəssis matçdan öncə təşkil olunan mətbuat konfransında bunları deyib:

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. İlk qarşılaşma ilə müqayisədə sabah daha çox diqqətli və konsentrasiyalı olmalıyıq. Təbii ki, bizi nələrin gözlədiyindən xəbərdarıq - meydançanın vəziyyətini də, stadiondakı ab-havanı da yaxşı bilirik. Həmçinin fərqindəyik ki, Çempionlar Liqasında komandalar həmişə öz güclərindən 20-25 faiz daha artıq oynayırlar. Ona görə də işin artıq bitdiyini düşünərək arxayınlaşmamalıyıq. Qələbə üçün əlimizdən gələni edəcəyik. Daha yaxşı komanda olduğumuzu meydanda sübut etməliyik. Heyətdə zədəli futbolçumuz yoxdur, bura rahat gəlib çatmışıq. Oyundan bir gün əvvəl gəlmişik, uşaqlar gurdur, hazırdır. Yalnız Stiv Solve cəzalı olduğu üçün bizimlə deyil. Sabah öz keyfiyyətimizi göstərməliyik".

Qeyd edək ki, TNS - "Sabah" qarşılaşması sabah Bakı vaxtı ilə 21:30-da başlayacaq. İlk görüşdə təmsilçimiz 2:0 hesablı qələbə qazanıb.