UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" Bakıda TNS-i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçı şərh edib:
"Komandamı, Azərbaycan azarkeşlərini, klubu təbrik edirəm. Oyun çox çətin idi. Düşünürəm ki, daha çox qol vurmalı idik. Lakin 2:0 da yaxşı bir nəticədir. Fikirləşirəm ki, səfər oyununda daha çox qollar vurmaq imkanımız olacaq. Biz mövsümdən əvvəl müzakirə etmişdik ki, çoxlu rəqiblərə qarşı yaxşı hazırlaşmalıyıq. Dərin müdafiə olunan komandalara qarşı çıxış edəcəyimizi danışmışdıq, bunun üçün də səbirli olub, fürsətlərdən yararlanmalıyıq. Hələ heç nə bitməyib, səfərdə - Uelsdə bizi çətin oyun gözləyir. Bundan əlavə biz süni meydançada oynacağıq. Solveti təəssüf ki, son dəqiqələrdə itirdik. Hücumlarda cəsarətli olmalıyıq. Səfər oyununda daha çox diqqəti cəmləməliyik. 2 qol fərqini aradan qaldırmaq üçün rəqib irəli atılacaq".
Litvalı mütəxəssis Solvetin növbəti oyunu buraxmasının planlarını pozmadığını deyib:
"Stiv olmadan da keçən mövsüm oyunlar keçirmişdik. Sarı vərəqələrə görə matçlar buraxmışdı. O bizim üçün vacib oyunçudur, lakin belə şeylər baş verir. Düşünürəm ki, bugünkü qərar sərt idi. Lakin nə edə bilərik? Ehtiyat skamyasından oynayan futbolçular da yaxşı çıxış edir. Onu əvəz edə biləcək kifayət qədər futbolçularımız var".
Qeyd edək ki, cavab oyunu 1 həftə sonra Uelsdə baş tutacaq.


