Basketbol üzrə "Sabah" komandasının baş məşqçisi Rimas Kurtinaytis “Ordu” BK ilə oyundan sonra qarşılaşma və ölkə kubokunun finalına yüksəlmələri barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Kurtinaytis nəticədən razı qaldığını bildirib:
“Hesabdan razı qaldım. Həm özümüzün topladığı xalları, həm də xal fərqini nəzərdə tuturam. Amma buna baxmayaraq gərgin, emosional oyun alındı.”
Mütəxəssis klub tarixində ilk dəfə kubokun finalına yüksəldiklərini vurğulayıb:
“Klub tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəldik.”
O, potensial rəqiblər barədə də danışıb:
“Finalda potensial rəqiblərimizə gəlincə həm ‘Gəncə’, həm də ‘Şəki’ hazırda yaxşı idman formasındadır. ‘Absheron Lions’ və ‘Neftçi’ kimi klubları mübarizədən kənarlaşdırıblar.”
Baş məşqçi final oyunlarının fərqli xarakter daşıdığını qeyd edib:
“Hər iki klubla cari mövsüm qarşılaşsaq da, final oyunları fərqli olur. Təbii ki, biz həmişə maksimum hədəflər uğrunda mübarizə aparırıq. Amma finalda şanslar həmişə 50/50-yə olur.”



