Misli Premyer Liqasının 34-cü turunda "Qəbələ"  öz meydanında  "Turan Tovuz"a (1:2) məğlub olub.

 Offsideplus.az olaraq "qırmızı-qaralar"ın cinah müdafiəçisi Məqsəd İsayevin sözügedən matçla bağlı fikirlərini öyrəndik.

O, son dəqiqə qolu ilə məğlub olmağın komandaya pis təsir etdiyini bildirib: "Turan Tovuz"a son dəqiqə qolu ilə məğlub olmaq komandaya istər-istəməz təsir edir. Qələbə qazanıb "Zirə" ilə xal fərqini artırmaq istəyirdik. Alınmadı. Hazırda ən yaxın rəqibimizdən 2 xal öndəyik. Qarşıdakı iki matçda qalib gəlməklə, çempionatda 4-cü pilləni tutub avrokuboklara vəsiqəni təmin etmək istəyirik. Belə olduğu təqdirdə, ölkə kubokunun finalına da rahat çıxa bilərik".

Müdafiəçi gələn tur səfərdə qarşılaşacaqları "Şamaxı" ilə oyun haqqında da danışıb: "Şamaxı" əzmkar komandadır. Ötən gün də "Neftçi" ilə matçda bir xal qazandılar. Onlar Premyer Liqada qalmaq üçün sona qədər mübarizə aparacaqlar, ona görə də bizi çox çətin oyun gözləyir. Hələ heç nə itirilməyib, hər şey özümüzdən asılıdır. Əgər məqsədimizə çatmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq".

O, gələcək karyerası ilə bağlı da fikirlərini bildirib: "Müqaviləm yayda başa çatır. Başqa təkliflərim də var. Hələ ki, qərar verməmişəm. Tələsik qərar vermək istəmirəm. Mövsümün sonunda özüm üçün ən xeyirli təklif nədirsə, onu dəyərləndirəcəm".

Fəqan İbrahimli