"Şamaxı" klubunun baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 32-ci turunun "Sabah"la matçından sonra keçirilən mətbuat konfansına qatılıb.

 Offsideplus.az xəbər verir ki, mütəxəssis komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib:

"Sabah" haqda çox şey danışmaq olar. Əla komandadır. Turnir cədvəlinin fərqli mövqelərində olsaq da, onlarla matçlarımız həmişə dinamik və maraqlı keçib. Bu gün də futbolçularımız dinamik və maraqlı oyun sərgilədilər, layiqli mübarizə apardılar. Rəqibdən çəkinmədilər. Onlara təşəkkür edirəm. Təəssüf ki, ilk dəqiqələrdən həyəcan var idi və bunu boğa bilmədik. Amma qoldan sonra toparlandıq və daha yaxşı "Şamaxı" gördük. Məğlubiyyətə xal verilmir. Amma bu cür gözəl oyun və mübarizə gələcəyə ümid verir ki, Premyer Liqadakı yerimizi qoruyub-saxlaya bilərik. Murad Musayev hər dəfə mətbuat konfransında qeyd edir ki, "Şamaxı"nın oyunçuları vaxt aparır, yerə yıxılır, bu gün əksini gördük. Sevindirici deyil. Halbuki, əllərində bu cür möhtəşəm futbolçular var. Amma "Şamaxı" gənclərdən formalaşıb. İstəyərdik ki, bizə qarşı belə hərəkətlər etməsinlər. Hakim haqda biz də çox şey danışa bilərik, amma danışmırıq. Çünki hakim də insandır, səhv edə bilər. Bugünkü hakimlik möhtəşəm idi, əla oyun idarə etdilər. Ancaq oyuna üç dəqiqə əlavə etmələri...Halbuki "Sabah"ın bəzi oyunçuları özünü yerə atmaqla vaxt uzadırdı. Autlarda topu götürmək istəmirdilər. Amma "Sabah"a gələcəkdə uğurlar arzu edirəm".