"Şamaxı" klubu Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Şirvan bölgəsi təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

- Son oyunlarımız çətin keçəcək. Çünki, aşağı pillələrdə gərginlik var. Rəqiblərin adlarından asılı olmayaraq hər matçda xal qazanmağa çalışacağıq. "Qarabağ"la oyunun ağır kecəcəyi bəlli idi. Buna baxmayaraq futbolçularımız verilən tapşırıqları layiqincə yerinə yetirdilər. Ani diqqətsizlikdən məğlub olduq. Amma əl-qolumuzu sallayası deyilik. Məşqlərdə əzmkarlıq göstərib növbəti matçlarda qələbə qazanacağıq.

- Çempionatın həlledici məqamında təcrübə öz sözünü deyir. Gənc və qismən təcrübəsiz futbolçulardan ibarət olan "Şamaxı" son anlarda vəzifənin öhdəsindən gələ biləcək?

- Bəli, razıyam. Futbolçular təcrübəsizdir, amma əzmkardırlar. Əzmkarlıqla bunu aradan qaldırmağa çalışacağıq.

- Cəmi bir dəst geyim forması olan komandanın elitada qalması nə dərəcədə doğrudur?

- İsinmə hərəkətlərinə qırmızı formada çıxmışdıq. Hava yağışlı idi. İstəmədik ki, futbolçular oyuna yaş forma ilə çıxsınlar.