Misli Premyer Liqasının 15-ci turuna "Sumqayıt" -"Qəbələ" (1:1) oyunu ilə yekun vurulub.

Sözügedən görüşdən sonra qonaq komandanın futbolçusu Məqsəd İsayev Offsideplus.az saytına fikirlərini bölüşüb:

"Bərabər səviyyəli oyun getdi. Görüş ərzində, xüsusilə də ikinci hissədə qol epizodlarımız çox olsa da, bundan yararlana bilmədik. Bu gün bir xal qazansaq da, iki xal da itirdik. Qarşıda görüşlərdə daha yaxşı oynayıb, qələbə qazanmağa çalışacağıq".

28 yaşlı müdafiəçi vurduğu qolun ofsayd səbəbi ilə qeydə alınmamasına da münasibət bildirib:

"Top rəqib oyunçudan getsə belə, yeni qaydalara görə, bu cür epizodlarda ofsayd verilir. Verilmiş qərar məncə, doğru idi.

Məqsəd İsayev növbəti turda qarşılaşacaqları "Səbail"lə oyuna da toxunub:

"Növbəti görüşümüz öz meydanımızda "Səbail"lə olacaq. Çalışacağıq ki, qələbə qazanıb turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdıraq".

Fəqan İbrahimli