"Şamaxı" klubu Azərbaycan Premyer Liqasının IV turunun oyununda səfərdə "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub.

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransına qatılan bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:

- İlk olaraq azarkeşlərimizə təşəkkür edirəm. 90 dəqiqə bizi dəstəklədilər."Qarabağ"la oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ" Azərbaycanın ən yaxşı klublarından biridir. 9 ildir Avropada bizi layiqincə təmsil edirlər. Qurban Qurbanov başda olmaqla bütün komandaya uğurlar arzulayıram. "Qarabağ" topa sahib olmağı xoşlayır. 90 dəqiqə qaçmaq çətindir. Ani diqqətsizlik qolla nəticələndi. Artıq bu, neçənci oyundur ki, davam edir. Fərdi səhvlərdən qol buraxırıq. Sevindirən məqam odur ki, məğlub olsaq da, futbolçular mübarizə aparır. Gələcəyə ümidlə baxa bilərik.

- Sanki komandalar "Qarabağ"la oyuna məğlub hissi ilə çıxır. Sizin fikriniz necədir?

- Mən elə deməzdim. İlk 20-25 dəqiqə futbolçularım mübarizə apardı. Amma temp yüksək olanda gecikmələr, səhvlər olur.