21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Sumqayıtdakı “Kapital Bank Arena”da keçirilmiş Azərbaycan - Finlandiya oyunundan (1:1) sonra yığmamızın baş məşqçisi Milan Obradoviç təşkil olunan mətbuat konfransına qatılıb.

Offsideplus.az xəbər verir ki, o, heç-heçəyə belə şərh verib: 

“Komandam yaxşı mübarizə apardı. Qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmaq üçün bir neçə şansımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Fasilədən sonra bir müddət oyuna rəqib nəzarət etdi. Ancaq sonradan toparlandıq və öz oyunumuzu oynamağa başladıq. Futbol elə oyundur ki, sən qol vurmasan sənə qol vuracaqlar. Təəssüf ki, belə də oldu, qapımızdan qol buraxdıq. Nəticədə son dəqiqələrdə hesabı bərabərləşdirsək də, qələbə qazanmaq üçün vaxtımız çatmadı. Hətta bərabərlik qolundan sonra meydana ikinci hücumçunu buraxdım. Meydanda hər iki komanda texniki-taktiki mübarizə apardı. Sonacan dəstək olduqlarına görə azarkeşlərə təşəkkürümü bildirirəm”.