"Avropa Liqasına getməyimizə çox inanırdım.

Bunu çox istəyirdik, amma alınmadı. Oyundan sonra çox məyus idim. Futbolda hər şey ola bilər. Artıq önümüzə baxmalıyıq. 

Offsideplus.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında "Sumqayıt" klubunun 24 yaşlı futbolçusu Vüqar Bəybalayev deyib.

Vüqar Bəybalayev baş məşqçi Samir Abasovun istefa verməsinə də münasibət bildirib.

"Bunu oyundan sonra paltardəyişmə otağında bildik. Bütün komanda üzvləri üzgün idi. Samir müəllim "Sumqayıt" futbolu adına çox böyük iş görmüşdü.  Bizim üstümüzdə də əziyyəti çox böyükdür. Samir müəllimə bundan sonrakı karyerasında uğurlar arzu edirəm"

"Sumqayıt"ın əsas futbolçularından olan Bəybalayevin müqaviləsi may ayının sonunda bitəcək. Gənc futbolçu bildirib ki, "Sumqayıt" klubundan düşünmək üçün vaxt istəyib.

"Sumqayıt" klubundan mənə danışıq üçün zəng olunub. Hələ ki, istirahət edirəm. Düşünmək üçün vaxt istəmişəm. Digər klublardan təkliflər var. "Sumqayıt"la danışmadan onlara cavab verməyim düzgün olmaz. İstirahətdən qayıdandan sonra qərarımı verəcəm"

Qeyd edəki ki, Vüqar Bəybalayev "Sumqayıt"ın heyətində 25 oyun keçirib.

Nuh TARVERDİYEV