21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2023-cü ildə Rumıniya və Gürcüstanda təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində onlayn formatda təşkil olunan tədbirdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.

Milan Obradoviçin başçılıq etdiyi komanda Xorvatiya, Avstriya, Norveç, Finlandiya və Estoniya seçmələri ilə birlikdə A qrupunda mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları bu ilin martında başlayacaq və 2022-ci ilin iyununda başa çatacaq.

Qeyd edək ki, Azərbaycan yığması AVRO-2021-in seçmə mərhələsinin 2-ci qrupunu 6 xalla 6 komanda arasında 5-ci pillədə bitirib.